Prezident İlham Əliyevin 21 fevral 2019-cu il tarixli Fərmanı Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin də yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 21 fevral 2019-cu il tarixli Fərmanı qeyd olunan ailələrin də yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir.

Fərmana əsasən həmin ailələr üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

Qeyd olunan ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən başlanılıb.

Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bundan bir qədər əvvəl, dövlət başçısının 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb.