Sağlamlıq imkanları məhdud uşaqların növbəti oftalmoloji müayinəsi keçirilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən humanitar aksiyalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrini də əhatə edir.

Mərkəzin səyyar klinikasının yüksək ixtisaslı peşəkar həkim briqadası tərəfindən Fondun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqların növbəti oftalmoloji müayinəsi keçirilib. Müayinələr müasir diaqnostik avadanlıq və xüsusi aparatlar vasitəsi ilə aparılıb. Ayrı-ayrı uşaqlarda aşkar olunan müəyyən kiçik göz patologiyaları ilə bağlı yerindəcə tibbi yardım göstərilib. İki uşaq isə ehtiyacları nəzərə alınmaqla Mərkəz tərəfindən sistemli müalicə tədbirlərinə cəlb olunacaq.

Mərkəzin hər il azı iki dəfə oftalmoloji müayinələr keçirdiyi bu sosial xidmət müəssisəsində hazırda 175 nəfər uşaq daimi dövlət himayəsində yaşayır. Müəssisədə uşaqların funksional çatışmazılıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlər aparılır.