Vakansiya bankına işəgötürənlər tərəfindən vakant iş yerləri barədə məlumatlar daxil edilməkdədir

“Məşğulluq” altsistemi işəgötürənlərin işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə imkan yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi işəgötürənlərin bu və ya digər  peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə, göndərişlərin verilməsi prosesinin elektron infrastruktur üzərində şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradıb. Hazırda dövlət və özəl müəssisələrdə olan vakant iş yerləri, bu iş yerlərinə  qəbul olunacaq işçilər, onların peşə və ixtisaslarına, əmək bacarıqlarına və s. aid tələblər barədə məlumatların altsistemə daxil edilməsi prosesi davam edir.

Yaxın zamanda istifadəyə veriləcək “Məşğulluq” altsistemi vasitəsilə işəgötürənlər təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa biləcəklər.

İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına daxil olduqdan sonra “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi”  elektron xidmətini seçirlər. Sonra e-imza ilə həmin e-xidmətdən istifadə edərək, “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yerini, həmçinin əmək haqqının məbləğini, iş yerinin daimi və ya müvəqqəti olmasını, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələblərini və s. qeyd edirlər. “Yadda saxla” düyməsi vasitəsilə məlumatlar sistemin yaddaşında saxlanılır.

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara da vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.