Reabilitasiya kursu keçən uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən uşaqlar üçün “Əlini mənə ver, dostum” musiqili-əyləncəli konsert proqramı təşkil olunub.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklərin üzvləri olan uşaqlar reabilitasiya kursu keçən həmyaşıdlarına öz mahnı, rəqs və səhnəciklərini təqdim ediblər. Bir-birindən maraqlı ifalar sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən sevinclə qarşılanıb və onlara xoş təəssüratlar bəxş edib. Həmin dərnəklərin üzvləri olan uşaqlar və bərpa kursunda olan uşaqlar arasında ilkin dostluq münasibətləri də yaranıb. Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr də təqdim olunub.

Müasir tələblərə uyğun bərpa şəraitinin mövcud olduğu Uşaq Bərpa Mərkəzində uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.