Orta məktəbdə əmək qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən 11 saylı tam orta məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə məqsədli tədbir keçirilib.

Müəllim və ayrı-ayrı valideynlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan qanunvericiliyində uşaq əməyi ilə bağlı əksini tapan normalar diqqətə çatdırılıb. Qeyd edilib ki, milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir.

Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib. Həmçinin 15-18 yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub.

“Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda ətraflı məlumat verilib, qeyri-formal əmək fəaliyyətinin mənfi nəticələri izah edilib, iştirakçıların sualları cavablandırılıb.