Sağlamlıq imkanları məhdud uşaqların da iştirak etdiyi “Bahar” tamaşası nümayiş olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Bahar” tamaşası nümayiş olunub.

A.Şaiqin “Gözəl bahar” mənzum pyesinin motivləri əsasında hazırlanan tamaşa Nazirliyin dəstəyi ilə 2019-cu ilin iyun ayında yaradılmış və əlilliyi olan uşaqlardan ibarət “Küllücə” teatrının və “Oyuq” teatrının birgə layihəsidir.

Tamaşanın təqdimatı tədbirində qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşan layihələrin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, eyni zamanda, sosial inklüzivliyin təmin olunmasına xidmət edir. Bu layihələr cəmiyyətə bir daha “Əlillik qüsur deyil” mesajını çatdırır. Ötən dövrdə nazirliyin dəstəyi ilə Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı tərəfindən də tamaşalar hazırlanıb.

Sağlamlıq imkanları məhdud uşaqların da iştirak etdiyi “Bahar” tamaşasının hazırlanması həmin uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqla, onların teatrla, incəsənətin digər sahələri ilə məşğul olmalarını təşviq etmək məqsədi daşıyır.

A.Şaiqin ev muzeyinin direktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə A.Şaiqin “Gözəl bahar” pyesinin uşaqların sevimli əsərlərindən biri olduğunu deyib, tamaşanın hazırlanmasına görə minnətdarlıq ifadə edib.

Maraqla qarşılanan tamaşa təbiətə sevgini və doğma torpağa bağlılığı tərənnüm edir.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Nazirliyin dəstəyi ilə A.Şaiq adına Kukla Teatrının nəzdində əlilliyi olan gənclərdən ibarət “Oyun” teatr-studiyası da yaradılıb və Cəfər Cabbarlının “Solğun çiçəklər” adlı dramı əsasında “Solğun Sevgilər” tamaşası tamaşaçılara təqdim edilib.