Xaçmazda müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisəsi istifadəyə veriləcək

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri Xaçmaz rayonundakı Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzini də əhatə edir.

Hazırda yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılması üçün aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda mərkəzin açılışı nəzərdə tutulub.

Mərkəzdə il ərzində 600-dən çox  əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir tibbi avadanlıqlardan istifadə olunmaqla kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada əlilliyi olan şəxslər müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlara da cəlb olunacaqlar.