Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində 2022-ci ildə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib. Tədbirdə əvvəlcə hesabat xarakterli videoçarx nümayiş olunub.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ildə görülən işlər barədə məlumat verib.
Bildirib ki, bu il DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri davam edib. Bu günlərdə Prezident cənab İlham Əliyevin iştirakı ilə açılışı olan 5 saylı Bakı DOST Mərkəzi ilə artıq paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verib. DOST mərkəzlərində xidmət səviyyəsi hər il daha da yüksəldilir. Yalnız bu il DOST mərkəzlərinə 620 minə yaxın vətəndaş müraciət edib. Ümumilikdə isə bu rəqəm 1 milyon 271 mindən çoxdur. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib.
Eyni zamanda Çağrı Mərkəzi-142 tərəfindən 2022-ci ildə 1 milyon 548 min vətəndaş müraciəti cavablandırılıb.
Şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 220 mindən çox müraciət qeydə alınıb.
F.Məmmədov 2022-ci ildə DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini qeyd edib.
Bildirib ki, Agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
İşğaldan azad edilən ərazilərdə də DOST xidmətləri infrastrukturunun qurulmasına başlanıb. Cari ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib.
Ümumilikdə isə hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda DOST mərkəzlərinin açılışı üçün yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Sosial şəbəkələrdə də bizi izləyin: