Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda icra olunan və ikinci mərhələsinə başlanmış “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin Rəhbər Komitəsinin növbəti iclası olub.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Litvanın Azərbaycandakı səfiri Egidijus Navikas, Aİ Nümayəndəliyinin layihə meneceri Rza Zülfüqarzadə, Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin, tvininq layihəsinin nümayəndələri və b. iştirak edib.
A.Kərimov son illər ölkəmizdə aparılan pensiya islahatlarından bəhs edib. O, pensiya təminatı sistemində sığorta prinsiplərinin daha da gücləndirilməsi ilə yanaşı, bu sistemin humanist yanaşmalar əsasında təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində son illər əldə olunan irəliləyişləri diqqətə çatdırıb.
İkinci mərhələsində olan tvinninq layihəsinin də ölkəmizdə pensiya islahatlarının qabaqcıl təcrübələr əsasında həyata keçirilməsinə önəmli dəstək olduğu vurğulanıb.
Layihə dövlət pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının və sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi üçün müvafiq mexanizmlərin tətbiqini, uzunmüddətli perspektivdə pensiya təminatı sisteminin proqnoz yönümlü ekonometrik modellərinin qurulmasını hədəfləyir.
İclasda layihə üzrə aparılan işlər müzakirə olunub.
Sosial şəbəkələrdə də bizi izləyin: