Şəhid mayor Səyavuş Kəlbalıyevin ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova Bakının Sabunçu rayonunda şəhid mayor Səyavuş Kəlbalıyevin ailəsini ziyarət edib.
Görüşdə şəhid mayorun keçdiyi döyüş yolundan, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs olunub, onun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini leytenant rütbəsi ilə bitirən Səyavuş Kəlbalıyev Vətən müharibəsində kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl-Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Səyavuş Kəlbalıyev "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
İki övladı olan şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib və müvafiq sosial ödənişlər edilir. Şəhidimizin ailəsinin bundan sonra da daim sosial dəstəklə əhatə olunacağı bildirilib.
Sosial şəbəkələrdə də bizi izləyin: