Ailə başçısını itirməyə görə əmək pensiyası

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

1.1.1. 18 yaşına çatmamış;

1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;

1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

1.2. ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;

1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Müraciət etmə qaydası:
Vətəndaş Fondun regional filialına və ya “DOST” mərkəzinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vaistəsi ilə müraciət edə bilər.

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər:

1.əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
2. vəfat etmiş şəxsin ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəlsri üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı;
3. vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
4. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
5. ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;
6. vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin I və ya II dərəcə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
7. ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

Hərbi hissədən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarından və digər aidiyyəti dövlət orqanlarından hərbi qulluqçunun ölüm faktını, ölümün səbəbini və tarixini təsdiq edən, həmçinin hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda).

Pensiyanın məbləği və müddəti:

Sığorta göstəricilərinə əsasən fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir.
Qeyd:  minimum pensiyanın məbləği 280 manat təşkil edir.
Ailə başçısını itirməyə görə əmək pensiyası göstərilmiş şərtlərin mövcud olduğu müddət üzrə təyin edilir. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

Şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır.