Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında


Azərbaycan Respublikasının Nazirlər Kabineti


           № 147                                                                      Qərar

 
Bakı şəhəri, 12 aprel 2017-ci il

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində aşağıdakı sosial xidmət müəssisələri yaradılsın:

1.1. “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi” sosial xidmət müəssisəsi;

1.2. “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” sosial xidmət müəssisəsi;

1.3. “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisəsi.

2. Sosial xidmət müəssisələrinin Sabunçu rayonunun Zabrat qəsəbəsində istismara icazə verilmiş binaları, həmin binalara aid bütün infrastruktur qurğu və avadanlıqlar sosial xidmət müəssisələrinin balansına, onların yerləşdiyi torpaq sahəsi isə istifadələrinə verilsin.

3. Müəyyən edilsin ki, sosial xidmət müəssisələrinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin nizamnamələrini təsdiq etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri