Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə xalqımızın cəsarətli oğul və qızları ağır sınaqlardan şərəflə keçərək müasir tariximizin canlı qəhrəmanlıq salnaməsini yaratmışdır. Xalqımızın mərd övladları bu çətin yolda yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, onların bir qismi müstəsna xidmətlərinə və igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəxslərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1500 (min beş yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.[i]

2. Müəyyən edilsin ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.[ii]

2.2. bu Fərmanın 2.1-ci yarımbəndinə müvafiq olaraq təqaüdü almaq hüququ olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadı və uşaqları olmadıqda, valideynlərinə.[iii]

3. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etsin.

5. Bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2005-ci il

№ 258

 

[i] 28 avqust 2013-cü il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 897) ilə 1-ci hissədə “3.000.000 (üç milyon)” sözləri “1000 (bir min)” sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2016-cı il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 oktyabr 2016-cı il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1627) ilə 1-ci hissədə “1000 (min)” sözləri “1300 (min üç yüz)” sözləri ilə əvəz edilmişdir.

20 fevral 2018-ci il tarixli 1843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 207) ilə 1-ci hissədə “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilmişdir.

 

[ii] 27 may 2008-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 373) ilə 2.1-ci bəndində "yaxud 18 yaşına çatanadək əlil olmuş" sözləri "yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş" sözləri ilə əvəz edilmişdir.

3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına;

 

[iii] 3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770) ilə 2.2-ci bənd ləğv edilmişdir.