“Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. “Siyasi vəzifələr haqqında” qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il
№ 206
|
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin)
SİYAHISI
1. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;
2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
3. seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;[i]
5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.
[i] 31 may 2018-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 972) ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın 4-cü hissəsindən “, xarici işlər və feldyeger rabitəsi” sözləri çıxarılmışdır və həmin hissəyə “xüsusi rütbəli vəzifələr” sözlərindən sonra “və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr” sözləri əlavə edilmişdir.