Əlillyin müəyyən edilməsi üçün prosedur və müraciət etmə qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır, yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.

Bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir.

Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir,  habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, əlilliyə görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillər qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fodunun rayon (şəhər) şöbələrinə müraciət etməlidirlər.