Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi


Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeçiliyində müstəqil təşkilatdır. Mərkəz və fəaliyyətində mövcud qanunvericiliyi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Nizamnaməsini, qərar, sərəncam, əmrlərini və öz əsasnaməsini rəhbər tutur.

Mərkəz Azərbaycan Respublikasında əmək, əmək münasibətləri, əməyin mühafizəsi, əmək şəraiti, əhalinin sosial müdafiəsi, əhali sakinliyi məsələləri üzrə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasının həyata keçirən əsas və əlaqələndirici təşkilatdır.

Mərkəz aşağıdakı vəzifələri həyata keçirir: Əmək, əmək münasibətləri, əmək şəraiti, əhalinin sosial müdafiəsi, əhali sakinliyi, proqnozlaşdırma məsələləri üzrə elmi tədqiqatlar aparmaq, avtomatlaşdırılmış idarəetmə sistemləri yaratmaq və ixtisasartırma işlərini həyata keçirmək, əmək və əhalinin sosial müdafiəsi məsələlərinə dair dövlət proqramlarını tərtib edərkən demoqrafik prosesləri öyrənmək; əmək bazarının formalaşmasının və tənzimlənməsinin, iqtisadi fəal əhalinin, məşğuliyyətin və işsizliyin kəmiyyət tərkibinin müasir vəziyyətini təhlil etmək, onların dəyişməsinə təsir göstərən sosial iqtisadi şəraiti açıqlamaq, cari və prespektiv proqnozunu vermək; bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin elmi-nəzəri əsaslarını işləmək və əməyin nəticələri ilə əmək haqqının əlaqələndirilməsi sisteminin təkmilləşdirilməsi işində iştirak etmək; insan amilinin ön plana çəkilməsi ilə istehsalın səmərəliliyinin artırılması problemlərinin həlli üçün elmi praktik tövsiyyələr hazırlamaq; əmək və əhalinin sosial müdafəsi məsələləri ilə məşğul olan mütəxəssislərin ixtisasının artırılmasının və yenidən hazırlanması üçün xüsusi kurslar təşkil etmək və müvafiq elmin metodik vəsaitlər hazırlamaq; əmək və əhalinin sosial müdafiəsi üzrə qanunvericilik və normativ sənədlərin informasiya bankını yaratmaq və c.

Mərkəzdə elmi-tədqiqat istiqamətlərini müəyyənləşdirmək, layihələri, nəticələri və digər elmi işləri müzakirə etmək və müvafiq qərar çıxartmaq məqsədi ilə məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərir.

Müəssisənin əsas elmi-tədqiqat istiqamətləri bunlardır: yoxsulluq problemləri və ünvanlı sosial yardım; əhalinin həyat səviyyəsini əks etdirən meyllərin tədqiqi; gəlirlərin qiymətləndirilməsi və əhalinin həyat keyfiyyəti; demoqrafiya və əhali sakinliyi sahəsində araşdırmalar və proqnozlar; əmək bazarının formalaşması, məşğulluq və işsizlik problemləri; əməyin ödənilməsinin və əmək müna¬sibətlərinin nəzəri və praktiki problemləri; əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması məsələləri; sosioloji sorğuların keçirilməsi. Mərkəzin fəaliyyətində seminarların və elmi-praktiki konfransların keçirilməsi mühüm yer tutur. Aspirantura və dissertantura vasitəsilə əmək və sosial məsələlər sahəsində yüksək ixtisaslı kadrların hazırlanması da mərkəzin əsas fəaliyyət istiqamətlərindən biridir. Mərkəzin nəzdində fəaliyyət göstərən aspiranturada müəssisələrin, sahələrin və komplekslərin təşkili və idarə olunması, əməyin iqtisadiyyatı, iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlanır:
Mərkəz, aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə MDB ölkələri, o cümlədən Rusiya Federasiyası, Qazaxstan, Özbəkistan, Ukrayna Respublikalarının əmək və sosial problemlərlə məşğul olan elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri yaratmışdır. Bundan əlavə, Mərkəz BMT Əhali Fondu, TACİS, Avropa Təhsil Fondu, Dünya Bankı, BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Mərkəzin strukturu, ştat cədvəli və məxaric smetası nazirlik tərəfindən təsdiq edilir və onlarda dəyişikliklər aparılır. Mərkəzin strukturuna elmi və digər şöbələr (laboratoriya, bölmə) müxtəlif qrpular daxildir. Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafəsi Naziri tərəfindən təyin edilən və azad edilən direktor həyata keçirir. Mərkəzin direktor müavinləri direktorun təqdimatı ilə Əmək və Əhalinin Sosial Müdafəsi Naziri tərəfindən təyin olunur və azad edilir. 


Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə 44