“Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 30 oktyabr 2014-cü il

      № 360

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

“Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi

Q A Y D A S I

1. Bu Qayda “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün (bundan sonra – təqaüd) təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

2. Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların aşağıdakı ailə üzvlərinə təyin edilir:

2.1. valideynlərinə;

2.2. dul arvadına.

3. Təqaüd almaq üçün şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

3.1. müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnamə);

3.2. şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;

3.3. ölüm haqqında şəhadətnamə;

3.4. şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi;

3.5. təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat.

4. Müraciətə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır və təyinat aparılır.

5. Təqaüd ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

6. Təqaüd Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.

7. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

8. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

9. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin edilir.