Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparatının struktur bölməsi olan Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsi (bundan sonra - şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirlik tərəfindən həyata keçirilən sosial siyasətlərin təhlilini, aktuar hesablamalarını aparır, aktuar hesablamalar əsasında bu siyasətlərin nəticələrini proqnozlaşdırır, onların icrasını monitorinq edir və nəticələri qiymətləndirir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilə və Sazişləri, mövcud qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında Əsasnamə"ni və digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.