İcbari əməyin ləğv olunması haqqında

Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyasına qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 1957-ci il iyunun 25-də Cenevrə şəhərində qəbul olunmuş 105 saylı Konvensiyasına qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti 

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 24 mart 2000-ci il
№ 847-IQ

 

QIRXINCI SESSİYA

Cenevrə, 5-27 iyun 1957-ci il

105 saylı Konvensiya

İcbari əməyin ləğv edilməsi haqqında

KONVENSİYA1

 

 Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 1957-ci il iyunun 5-də özünün qırxıncı sessiyasına toplanmış Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı,

 sessiyanın gündəliyinin dördüncü bəndi olan, icbari əmək haqqında məsələyə baxaraq, İcbari əmək haqqında 1930-cu il Konvensiyasının müddəalarını nəzərə alaraq,

 Köləlik haqqında 1926-cı il Konvensiyasının məcburi və ya icbari əməyin köləliyə bənzər şəraitə gətirib çıxarmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini nəzərdə tutduğunu və Köləlik, qul alveri və köləliyə oxşar təsisat və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyasının, borc qəbaləsinin və təhkimçilik tabeliyinin tam ləğv edilməsini nəzərdə tutduğunu nəzərə alaraq,

 Əmək haqqının mühafizəsi haqqında 1949-cu il Konvensiyasının əmək haqqının vaxtında ödənilməsini nəzərdə tutduğunu və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan etdiyini nəzərə alaraq,

 Birləşmiş Millətlər Təşkilatı nizamnaməsində qeyd olunmuş və Ümumdünya İnsan Haqları Bəyannaməsində elan olunmuş İnsan Haqlarının pozulmasını təşkil edən icbari və ya məcburi əməyin bəzi növlərinin ləğv edilməsinə aid əlavə təkliflər qəbul etməyi qərara alaraq,

 bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qət edərək,

 İcbari əməyin ləğv edilməsi haqqında 1957-ci il Konvensiyası adlanacaq aşağıdakı Konvensiyanı min doqquz yüz əlli yeddinci il iyunun iyirmi beşinci günündə qəbul edir:

 

Maddə 1

 

 Beynəlxalq Əmək Təşkilatının bu Konvensiyasını ratifikasiya edən hər bir Üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasına:

 a) siyasi təsir və ya tərbiyə vasitəsi kimi və ya bərqərar olmuş siyasi, sosial və iqtisadi sistemə zidd olan siyasi baxışların və ya ideoloji məsləklərin mövcudluğuna və ya izhar edilməsinə görə cəza tədbiri kimi;

 v) iqtisadi inkişafın tələbatları üçün səfərbərlik və əmək qüvvəsindən istifadə üsulu kimi;

 c) əmək intizamını saxlamaq vasitəsi kimi;

 d) tətildə iştirak etməyə görə cəza tədbiri kimi;

 e) irqi, sosial və milli mənsubiyyət və ya məzhəb əlamətinə görə ayrıseçkilik tədbiri kimi müraciət etməməyi öhdəsinə götürür.

 

Maddə 2

 

 Beynəlxalq Əmək Təşkilatının bu Konvensiyanı ratifikasiya edən hər bir Üzvü bu Konvensiyanın 1-ci maddəsində sadalanan icbari və ya məcburi əmək növlərini dərhal və tam ləğv etmək məqsədi ilə effektiv tədbirlər görməyi öhdəsinə götürür.

 

Maddə 3

 Bu Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydə alınmaq üçün Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir.

Maddə 4

 

 1. Bu Konvensiya Beynəlxalq Əmək Təşkilatının yalnız ratifikasiya haqqında sənədləri Baş direktor tərəfindən qeydə alınmış Üzvlərini əlaqələndirir.

 2. O, Təşkilatın iki Üzvünün ratifikasiya haqqında sənədləri Baş direktor tərəfindən qeydə alındıqdan on iki ay sonra qüvvəyə minir.

 3. Sonralar, bu Konvensiya Təşkilatın hər bir Üzvü üçün, onun ratifikasiya haqqında sənədləri qeydə alındığı tarixdən on iki ay sonra qüvvəyə minir.

Maddə 5

 1. Təşkilatın bu Konvensiyanı ratifikasiya etmiş hər hansı bir Üzvü, onun qüvvəyə mindiyi ilk andan onillik müddət keçdikdən sonra, onu Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilmiş və onun tərəfindən qeydə alınmış ləğvetmə aktı vasitəsilə ləğv edə bilər. Ləğvetmə, ləğvetmə haqqında akt qeydə alındıqdan bir il sonra qüvvəyə minir.

 2. Təşkilatın bu Konvensiyasını ratifikasiya etmiş hər bir Üzvü, əvvəlki bənddə qeyd edilmiş onillik müddət keçdikdən sonrakı bir il ərzində bu maddədə nəzərdə tutulmuş ləğvetmə hüququndan istifadə etmədikdə növbəti onillik müddətə onunla bağlı olur və sonralar bu Konvensiyanı hər onillik müddət keçdikdən sonra, bu maddədə təsbit olunmuş qaydada ləğv edə bilər.

 

Maddə 6

 

 1. Beynəlxalq Əmək Bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının bütün Üzvlərini, Təşkilatın Üzvlərindən aldığı ratifikasiya haqqında bütün sənədlərin və ləğvetmə aktlarının qeydə alınması barədə xəbərdar edir.

 2. Baş Direktor, ratifikasiya haqqında aldığı ikinci sənədin qeydə alınmasını Təşkilatın Üzvlərinə xəbər verərək, onların diqqətini Konvensiyanın qüvvəyə mindiyi tarixə cəlb edir.

Maddə 7

 

 Beynəlxalq Əmək Bürosunun Baş direktoru əvvəlki maddələrin müddəalarına müvafiq olaraq ratifikasiya haqqında bütün sənədlərə və ləğvetmə aktlarına aid müfəssəl məlumatları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq, qeydə alınmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

Maddə 8

 

 Beynəlxalq Əmək Təşkilatının İnzibati Şurası zəruri hesab etdiyi hər dəfə, o bu Konvensiyanın tətbiq edilməsi haqqında Baş Konfransa məruzə təqdim edir və ona tam və ya qismən yenidən baxılması barədə məsələnin Konfransın gündəliyinə daxil edilməsinin lazım olub-olmamasını həll edir.

Maddə 9

 

 1. Baş Konfrans bu Konvensiyasını tam, yaxud qismən dəyişdirən yeni konvensiya qəbul edərsə və yeni konvensiyada əkslik nəzərdə tutulmayıbsa, onda:

 a) yeni, dəyişdirilmiş Konvensiyanın Təşkilatın hər hansı bir Üzvü tərəfindən ratifikasiyası, 5-ci maddənin müddəalarından asılı olmayaraq, yeni, dəyişdirilmiş Konvensiyanın qüvvəyə minməsi şərtilə, bu Konvensiyanın təxirə salınmadan avtomatik ləğv edilməsinə səbəb olur;

 b) yeni, dəyişdirilmiş Konvensiyanın qüvvəyə mindiyi tarixdən başlayaraq bu Konvensiya Təşkilatın Üzvlərinə ratifikasiya üçün bağlıdır.

 2. Bu Konvensiya Təşkilatın onu ratifikasiya etmiş, lakin yeni, dəyişdirilmiş Konvensiyanı ratifikasiya etməmiş Üzvləri üçün hər halda forma və məzmununa görə qüvvədə qalır.

 

Maddə 10

 

 Bu Konvensiyanın ingilis və fransız mətnləri eyni qüvvəyə malikdir.

1 Qüvvəyə mindiyi tarix: 17 yanvar 1959-cu il