İşsizlikdən sığorta ödənişi

İşsizlikdən sığorta ödənişi  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

İşsizlikdən sığorta ödənişi təyin edildiyi hallar:

Dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə, digər hüquqi şəxslərdə çalışanlar isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq işdən azad edildikdə və azı 1 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 təqvim ayından çox olduqda sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50%-i məbləğində, 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta staji olan əmək qabiliyyətli şəxslərə isə minimum məbləğdə ödənilir.

Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi məbləğində işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər.

İşsizlikdən sığorta ödənişi almaq üçün:

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir.

Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.

Sığorta ödənişi sığortaolunanların işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

1-ci 2 təqvim ayı üçün – 100%
3-cü və 4-cü təqvim ayları üçün – 80%
5-ci və 6-cı təqvim ayları üçün – 70%

İşsizlikdən sığorta ödənişinə aşağıdakı hallarda əlavə verilir?

İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, 23 yaşdan çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasları ilə xitam verilən şəxslər sığorta ödənişinə əlavəni hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə almaq hüququna malikdirlər.  Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin qanunamüvafiq şəkildə əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır. 

QEYD: Sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və 1 yanvar 2018-ci ildən sonra isə sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.

Təkrar müraciət zamanı işsizlikdən sığorta ödənişi təyin edilir:

Təkrar müraciət zamanı əmək münasibətlərinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasları ilə xitam verilən və əsas sığorta ödənişi təyin olunan şəxslərə 3 ay müddətinə minimum sığorta ödənişi təyin edilir. Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur (2022-ci il üçün 300 manat məbləğində müəyyən olunub).

Təyin edilmə müddəti

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir, sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ yaranmır.

İşsizlikdən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır?

  1. Sığorta ödənişi alan şəxs işlə təmin edildikdə;
  2. Sığorta ödənişi alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə; 
  3. Sığorta ödənişi alan şəxsin sığorta ödənişinin ödənilmə müddəti başa çatdıqda; 
  4. Sığorta ödənişi alan şəxs üzrlü səbəblər olmadan fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; 
  5. Sığorta ödənişi alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə; 
  6. Sığorta ödənişi alan şəxs sığorta ödənişi aldığı dövrdə MAS-a məlumat vermədən işə düzəldikdə; 
  7. Sığorta ödənişi alan şəxs MAS vasitəsilə işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;
  8. Sığorta ödənişi alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;
  9. Sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunduqda;
  10. Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;
  11. Sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
  12. Sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;
  13. Sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda; 
  14. Sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda; 
  15. Sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 
  16. Sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.