Azərbaycan Respublikasının Beynəlxalq Əmək Təşkilatının "Kənd təsərrüfatında əməyin təftişi haqqında" 129 saylı Konvensiyasına, "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyasına və "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyasına dair Protokola qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "Kənd təsərrüfatında əməyin təftişi haqqında" 1969-cu il 4 iyun tarixli 129 saylı Konvensiyasına, "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 1947-ci il 19 iyun - 18 iyul tarixli 81 saylı Konvensiyasına və bu Qanunun 2-ci bəndində göstərilən qeyd-şərtlə "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 1947-ci il 19 iyun - 18 iyul tarixli 81 saylı Konvensiyasına dair 1995-ci il 6 iyun tarixli Protokola qoşulsun.
2. "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 1947-ci il 19 iyun -18 iyul tarixli 81 saylı Konvensiyaya dair 1995-ci il 6 iyun tarixli Protokolun ikinci maddəsinin 1-ci bəndində qeyd edilən aşağıdakı yarımbəndlərdə göstərilənlər -
"b) Silahlı Qüvvələr - yalnız hərbi qulluqçular;
c) polis və digər ictimai təhlükəsizlik orqanları;
d) islah müəssisələrinin yalnız hərbi və xüsusi rütbələrə malik olan heyəti" Protokolun qüvvə dairəsindən istisna olunsun.
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ӘLİYEV
Bakı şəhəri, 8 fevral 2000-ci il № 801-IQ
OTUZUNCU SESSİYA
Cenevrə, 19 iyun-11 iyul 1947-ci il
81 №-li KONVENSİYA
Sənayedə və ticarətdə əməyin təftişi haqqında
KONVENSİYA1
Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 1947-ci il iyunun 19-da özünün otuzuncu sessiyasına toplaşmış Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı, sessiyanın gündəliyinin dördüncü bəndi olan əməyin təftişinə aid bir sıra təklifləri qəbul etməyi qərara alaraq, bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qət edərək, «Əməyin təftişi haqqında 1947-ci il Konvensiyası» adlandırılacaq aşağıdakı Konvensiyanı min doqquz yüz qırx yeddinci il iyul ayının on birinci günündə qəbul edir.
I BÖLMƏ
SƏNAYEDƏ ƏMƏYİN TƏFTİŞİ
Maddə 1
Bu Konvensiyanın qüvvəyə minməsinin Beynəlxalq Əmək Təşkilatının hər hansı bir üzvünə aidiyyəti varsa, həmin üzv sənaye müəssisələrində əməyin təftişi sisteminə malik olmasını öhdəsinə götürür.
Maddə 2
1. Sənaye müəssisələrində əmək müfəttişliyi sistemi, əmək müfəttişləri tərəfindən əmək şəraitinə və əməkçilərin iş prosesində onların mühafizəsinə dair qanunvericilik müddəalarının tətbiqinin təmin edilməli olduğu bütün müəssisələrə şamil edilir.
2. Milli qanunvericilik mədən sənayesi və nəqliyyat müəssisələrini və ya bu müəssisələrin bir hissəsini həmin Konvensiyanın qüvvəsi altından çıxara bilər.
Maddə 3
1. Əmək müfəttişliyi sisteminin vəzifəsinə aşağıdakılar daxildir:
a) əməkçilərin əmək şəraiti və iş prosesində onların təhlükəsizliyi sahəsində qanunvericilik müddəalarının, məsələn: iş gününün davamiyyəti, əmək haqqı, əməyin təhlükəsizliyi, səhiyyə, maddi rifah, uşaqların və yeniyetmələrin əməyindən istifadə olunması və əmək müfəttişlərinin göstərilən müddəaların tətbiqini təmin etməli olduqları dərəcədə başqa belə məsələlər üzrə müddəaların tətbiqinin təmin edilməsi;
b) qanunvericilik müddəalarına riayət edilməsinin daha səmərəli vasitələri haqqında texniki informasiya və məsləhətlər ilə sahibkarların və əməkçilərin təmin edilməsi;
c) mövcud qanunvericilik müddəalarının qüvvəsi altına düşməyən fəaliyyətsizlik və ya sui-istifadə faktlarının səlahiyyətli hakimiyyət orqanının nəzərinə çatdırılması.
2. Əgər əmək müfəttişlərinə başqa funksiyalar tapşırılarsa, bu funksiyalar onların əsas funksiyalarının həyata keçirilməsinə mane olmamalı və müfəttişlərin sahibkarlar və əməkçilərlə münasibətlərində onlara zəruri olan nüfuz və qərəzçiliklərinə heç bir vəchlə zərər toxundurmamalıdır.
Maddə 4
1. Əməyin təftişi təşkilat üzvünün inzibatçılıq təcrübəsinə uyğun dərəcədə mərkəzi hakimiyyətin müşahidəsi və nəzarəti altındadır.
2. Federativ dövlət haqqında danışıldıqda «mərkəzi orqan» ifadəsi ya federasiyanın mərkəzi orqanı, yaxud federasiyanın tərkib hissələrindən birinin mərkəzi orqanı mənasında işlənə bilər.
Maddə 5
Səlahiyyətli hakimiyyət orqanı aşağıdakılara yardım etmək üçün müvafiq tədbirlər görür:
a) təftiş xidmətləri ilə oxşar fəaliyyəti həyata keçirən digər hökumət xidmətləri, habelə dövlət idarələri və xüsusi idarələr arasında səmərəli əməkdaşlığa;
b) əmək müfəttişliyi qulluqçuları ilə sahibkarlar və əməkçilər və ya onların təşkilatları arasında əməkdaşlığa.
Maddə 6
Müfəttişliyin heyəti dövlət qulluqçularından ibarətdir. Onların statusu və iş şəraiti vəzifə sabitliyini təmin edir və onlar hökumətdə hər hansı dəyişikliklərdən və ya hər hansı lazımsız xarici təsirdən asılı olmurlar.
Maddə 7
1. Milli qanunvericiliyin dövlət idarələri qulluqçularının qəbulunu tənzimləyən müddəalarına riayət etmək şərti ilə əmək müfəttişi vəzifəsinə namizədlər yalnız onların üzərinə qoyulacaq vəzifələrin yerinə yetirilməsinə yararlı olub-olmamasından asılı olaraq işə qəbul olunurlar.
2. Belə yararlığın yoxlanılması metodunu səlahiyyətli hakimiyyət orqanı müəyyən edir.
3. Əmək müfəttişləri öz funksiyalarını həyata keçirmək üçün müvafiq hazırlıq keçirlər.
Maddə 8
Müfəttişliyin heyət tərkibinə həm kişilər, həm də qadınlar təyin oluna bilərlər. Lazım gəldikdə kişi müfəttişlərə və qadın müfəttişlərə müvafiq surətdə xüsusi vəzifələr həvalə oluna bilər.
Maddə 9
Təşkilatın hər üzvü səhiyyəyə və əməkçilərin iş vaxtı təhlükəsizliyinə dair qanunvericilik müddəalarının tətbiqini təmin etmək, habelə tətbiq olunan vasitələrin təsiri, istifadə olunan materialların və əmək metodlarının əməkçilərin sağlamlıq vəziyyətinə və təhlükəsizliyinə təsiri haqqında məlumat almaq məqsədi ilə lazımi tədbirlər görür ki, ixtisaslı ekspertlər və mütəxəssislər, o cümlədən təbabət, mexanika, elektrik və kimya mütəxəssisləri müfəttişliyin işinə milli şəraitə daha uyğun olan formalarda cəlb edilsinlər.
Maddə 10
Əmək müfəttişlərinin sayı təftiş xidmətinin funksiyalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün kifayət qədər olmalıdır. O, aşağıdakıları nəzərə almaqla təyin edilir:
a) müfəttişlərin yerinə yetirməli olduqları vəzifələrin əhəmiyyəti və o cümlədən:
müfəttişliyin nəzarəti altına düşən müəssisələrin sayı, xarakteri, ölçüsü və harada yerləşməsi;
həmin müəssisələrdə işləyən əməkçilərin sayı və kateqoriyaları;
tətbiqini təmin etməli olduqları qanunvericilik müddəalarının sayı və mürəkkəbliyi;
b) müfəttişlərin ixtiyarına verilən maddi vəsait;
c) təftiş səfərlərinin daha səmərəli olması üçün əməli şərait.
Maddə 11
1. Səlahiyyətli hakimiyyət orqanı müfəttişlərin sərəncamında aşağıdakıların olması üçün zəruri tədbirlər görür:
a) təftiş xidmətinin müvafiq surətdə təchiz edilmiş və bütün əlaqədar şəxslər üçün açıq olan yerli büroları;
b) müvafiq ictimai nəqliyyat vasitələri olmadığı halda onların funksiyalarının həyata keçirilməsi üçün zəruri olan nəqliyyat vasitələri.
2. Səlahiyyətli hakimiyyət orqanı əmək müfəttişlərinə bir yerdən başqa yerə getmək və funksiyalarını həyata keçirmək üçün lazım olan bütün əlavə xərclərin haqqını ödəmək məqsədi ilə zəruri tədbirlər görür.
Maddə 12
1. Səlahiyyətlərini təsdiq edən sənədlərlə təchiz edilmiş əmək müfəttişlərinin aşağıdakı hüquqları vardır:
a) müfəttişliyin nəzarət dairəsinə daxil olan hər hansı müəssisəyə əvvəlcədən xəbərdarlıq etmədən və günün istənilən vaxtında maneəsiz girmək;
b) hər hansı bir binanın müfəttişliyin nəzarət dairəsinə düşdüyünü hesab etmək üçün kifayət qədər əsas olduqda, gündüz vaxtı bütün belə binalara daxil olmaq;
c) qanunvericilik müddəalarına lazımi qaydada riayət edildiyinə əmin olmaq üçün zəruri bildikləri hər hansı yoxlamanı, nəzarəti və araşdırmanı həyata keçirmək və o cümlədən:
təklikdə və ya şahidlərin yanında qanunvericilik müddəalarının tətbiqinə dair bütün sahələr üzrə sahibkara və ya müəssisənin heyətinə suallar vermək;
əmək şəraiti məsələləri üzrə qanunvericilikdə doldurulması göstərilmiş hər hansı kitabın, reyestrin və ya sənədlərin qanunvericilik müddəalarına uyğunluğunu yoxlamaq, surətini və ya ayrı-ayrı yerlərindən çıxarışlar etmək məqsədi ilə onları tələb etmək;
qanunvericilik müddəalarında nəzərdə tutulduğu kimi elanların asılmasını tələb etmək;
istifadə olunan və ya emal olunan materialların və maddələrin nümunələrini analiz üçün götürmək və ya özü ilə aparmaq, bu şərtlə ki, materialların və ya maddələrin həmin məqsədlə götürüldüyü və aparıldığı haqqında sahibkar və ya onun nümayəndəsi xəbərdar edilmiş olsun.
2. Təftiş səfəri zamanı müfəttiş, gəlişinin bildirilməsinin nəzarətin səmərəliliyinə zərər yetirəcəyini hesab etmirsə, gəldiyini sahibkara və ya onun nümayəndəsinə bildirir.
Maddə 13
1. Əmək müfəttişlərinin hər hansı bir qurğuda, avadanlıqda və ya əmək metodlarında qeyd etdikləri nöqsanların əməkçilərin sağlamlığı və təhlükəsizliyi üçün təhlükə törətdiyini hesab etməyə əsas olduqda, bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsini tələb etmək ixtiyarı vardır.
2. Əmək müfəttişlərinin belə tədbirlər görmək imkanına malik olması üçün məhkəmə orqanlarına və ya inzibati orqanlara milli qanunvericilikdə nəzərdə tutula biləcəyi kimi şikayət etmək hüququna riayət etməklə, onlara aşağıdakılar barədə sərəncam vermək və ya sərəncam verilməsini tələb etmək səlahiyyəti verilir:
a) əməkçilərin sağlamlığının və təhlükəsizliyinin mühafizəsi məsələləri üzrə qanunvericilik müddəalarının ciddi surətdə tətbiq olunmasını təmin etmək üçün təyin olunmuş müddətdə qurğularda zəruri dəyişikliklərin edilməsi barədə;
b) əməkçilərin sağlamlığı və təhlükəsizliyi üçün bilavasitə xətər gətirəcəyi halda dərhal yerinə yetirilməli tədbirlərin görülməsi barədə.
3. 2-ci bənddə müəyyən edilmiş qayda təşkilat üzvünün inzibati və məhkəmə təcrübəsinə uyğun gəlmədikdə, müfəttişlər dərhal yerinə yetirilməli tədbirlərin görülməsi haqqında göstəriş və ya sərəncamın verilməsi üçün səlahiyyətli hakimiyyət orqanına müraciət etmək hüququna malikdirlər.
Maddə 14
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat əmək müfəttişliyinə milli qanunvericilikdə göstərilmiş hallarda və qaydada verilir.
Maddə 15
Milli qanunvericilikdə nəzərdə tutula bilən istisnalara riayət olunması şərti ilə əmək müfəttişləri:
a) nəzarətləri altında olan müəssisələrin işində bilavasitə və ya dolayısı ilə iştirak edə bilməzlər;
b) funksiyalarını yerinə yetirərkən tanış ola biləcəkləri istehsalat və ya kommersiya sirlərini və ya istehsalat proseslərini cinayət sanksiyaları və ya müvafiq inzibati tədbirlər təhlükəsi altında, hətta vəzifədən getdikdən sonra belə elan edə bilməzlər;
c) nöqsanlar və ya qanunvericilik müddəalarının pozulması barədə hər hansı şikayət mənbəyini tam məxfi saxlayaraq, təftiş səfərinin belə şikayətin alınması ilə bağlı olmadığı barədə sahibkara və ya onun nümayəndəsinə məlumat verə bilməzlər.
Maddə 16
Müəssisələr müvafiq qanunvericilik müddəalarının səmərəli tətbiqini təmin etmək üçün zəruri olan qədər tez-tez və əsaslı surətdə təftişdən keçirilir.
Maddə 17
1. Həyata keçirilməsi əmək müfəttişlərinə həvalə olunmuş qanunvericilik müddəalarını pozan və ya onlara riayət etməkdən boyun qaçıran şəxslər əvvəlcədən xəbərdarlıq edilmədən dərhal məhkəmə təqibinə məruz qalırlar. Lakin milli qanunvericilik, vəziyyətin düzəldilməsi və ya nöqsanların qarşısını alan tədbirlərin görülməsi üçün əvvəlcədən xəbərdarlıq edilməsi lazım gələn hallar barədə istisnalar nəzərdə tuta bilər.
2. Əmək müfəttişləri məhkəmə təqibinə başlamaq və ya onun başlanmasını tövsiyə etmək əvəzinə, xəbərdarlıq edib-etməmək və ya məsləhət verib-verməmək məsələsini özləri həll etmək hüququna malikdirlər.
Maddə 18
Tətbiqinə əmək müfəttişləri tərəfindən nəzarət olunmalı qanunvericilik müddəalarının pozulmasına və öz vəzifələrini həyata keçirən əmək müfəttişlərinə müqavimət göstərilməsinə görə milli qanunvericiliklə müvafiq sanksiyalar nəzərdə tutulur və lazımi surətdə tətbiq edilir.
Maddə 19
1. Əmək müfəttişləri və ya yerli təftiş büroları öz fəaliyyətlərinin nəticələri haqqında mərkəzi təftiş xidməti orqanına vaxtaşırı olaraq ümumi xarakterli məruzələr təqdim edirlər.
2. Bu məruzələr mərkəzi orqanın göstərişləri əsasında tərtib edilir və bu orqanın vaxtaşırı qeyd etdiyi məsələləri əhatə edir. Onlar mərkəzi orqanın tələb etdiyi qədər, yəni ildə azı bir dəfə təqdim edilir.
Maddə 20
1. Mərkəzi təftiş orqanı onun nəzarəti altında olan təftiş xidmətlərinin fəaliyyəti haqqında hər il ümumi xarakterli məruzələr dərc edir.
2. Bu məruzələr aid olduqları ildən sonrakı on iki aydan çox olmamaqla, münasib bir vaxtda dərc edilir.
3. İllik məruzələrin nüsxələri dərc edildikdən sonra münasib bir vaxtda və hər halda üç aydan gec olmamaqla, Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir.
Maddə 21
Mərkəzi təftiş xidməti orqanının dərc etdiyi illik məruzələrdə həmin mərkəzi orqanın nəzarəti altına düşdüyü ölçüdə aşağıdakılar və işə dair bütün başqa məsələlər əhatə olunur:
a) əmək müfəttişliyinin fəaliyyətinə aid olan qanunlar və qərarlar;
b) əmək müfəttişliyinin heyəti;
c) müfəttişliyin nəzarətinin əhatə etdiyi müəssisələr haqqında statistik məlumatlar və həmin müəssisələrdə işləyən əməkçilərin sayı;
d) təftiş səfərləri haqqında statistik məlumatlar;
e) yol verilmiş pozuntular və tətbiq edilmiş sanksiyalar haqqında statistik məlumatlar;
f) istehsalatda bədbəxt hadisələr haqqında statistik məlumatlar;
g) peşə xəstəlikləri haqqında statistik məlumatlar.
II BÖLMƏ
TİCARӘTDӘ ӘMӘYİN TӘFTİŞİ
Maddə 22
Bu Konvensiyanın II bölməsinin Beynəlxalq Əmək Təşkilatının üzvü olan hər hansı bir dövlətə aidiyyəti varsa, bu dövlət öz ticarət müəssisələrində əməyin təftişi sisteminə malik olmasını öhdəsinə götürür.
Maddə 23
Ticarət müəssisələrində əməyin təftişi sistemi əmək şəraitinə və əməkçilərin iş prosesində mühafizəsinə dair qanunvericilik müddəalarının tətbiqini əmək müfəttişlərinin təmin etməli olduğu müəssisələrə şamil edilir.
Maddə 24
Ticarət müəssisələrində əməyin təftişi sistemi tətbiq oluna biləcəyi həddə bu Konvensiyanın 3-21-ci maddələrinin tələblərinə uyğundur.
III BÖLMƏ
MÜXTƏLİF MÜDDƏALAR
Maddə 25
1. Təşkilatın bu Konvensiyasını təsdiq edən hər hansı üzvü təsdiq haqqında sənədə bəyanat əlavə edərək, göstərə bilər ki, həmin Konvensiya üzrə qəbul etdiyi öhdəliklər II bölməyə şamil edilmir.
2. Təşkilatın belə bəyanat vermiş hər hansı üzvü onu istənilən vaxt növbəti bəyanatla ləğv edə bilər.
3. Təşkilatın hər hansı bir üzvünün bu maddənin 1-ci bəndinə müvafiq surətdə verilmiş bəyanatı qüvvədə olduqda, o bu Konvensiyanın tətbiqi barədə özünün illik məruzələrində həmin Konvensiyanın II bölməsinin müddəalarına nəzərən qanunvericiliyin və təcrübənin vəziyyəti haqqında və göstərilən müddəaların hansı dərəcədə həyata keçirildiyi və ya keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verir.
Maddə 26
Bu Konvensiyanın hər hansı müəssisəyə və ya onun bir hissəsinə və ya xidmətə şamil edilib-edilməməsi barədə əminlik olmadığı hallarda, həmin məsələ səlahiyyətli hakimiyyət orqanı tərəfindən həll edilir.
Maddə 27
Bu Konvensiyada «qanunvericilik müddəaları» termini qanunvericilik müddəalarından başqa, münsiflər məhkəməsinin qanun qüvvəsi olan və tətbiqini əmək müfəttişlərinin təmin etməli olduğu qərarlarını və kollektiv müqavilələri bildirir.
Maddə 28
Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 22-ci maddəsinə müvafiq surətdə təqdim olunan illik məruzələrdə bu Konvensiyanın müddəalarını qüvvəyə mindirən milli qanunvericiliyin bütün müddəaları haqqında ətraflı məlumat verilir.
Maddə 29
1. Əgər təşkilat üzvünün ərazisində əhalinin dağınıqlığı və ya rayonun inkişaf səviyyəsi ilə əlaqədar səlahiyyətli hakimiyyət orqanının bu Konvensiyanın müddəalarının tətbiqinin əslində mümkün olmadığını hesab etdiyi geniş rayonlar varsa, həmin hakimiyyət orqanı belə rayonları Konvensiyanın qüvvəsi altından ya tamamilə, ya da ayrı-ayrı müəssisələr və ya peşələrə dair məqsədəuyğun hesab etdiyi istisnalarla çıxara bilər.
2. Təşkilatın hər bir üzvü Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 22-ci maddəsinə müvafiq surətdə təqdim etdiyi bu Konvensiyanın tətbiqi haqqında özünün ilk illik məruzəsində bu maddənin müddəalarından istifadə etmək niyyətində olduğu bütün rayonları, habelə bu müddəalardan istifadə etmək niyyətinin səbəblərini göstərir. Təşkilatın heç bir üzvü özünün ilk illik məruzəsinin təqdim edilməsindən sonra həmin maddənin müddəalarından istifadə edə bilməz. Həmin müddəalardan onun bu məruzədə göstərdiyi rayonlar barədə istifadə etməsi istisna təşkil edir.
3. Təşkilatın bu maddənin müddəalarından istifadə edən hər bir üzvü özünün sonrakı illik məruzələrində həmin müddəalardan istifadə etmək hüququndan imtina etdiyi rayonları göstərir.
Maddə 30
1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinə dəyişiklik haqqında 1946-cı il Aktına əsasən dəyişilən Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsində qeyd olunmuş ərazilər barəsində, göstərilən maddənin 4 və 5-ci bəndlərində qeyd olunan ərazilər istisna olunmaqla, təşkilatın bu Konvensiyanı ratifikasiya edən hər bir üzvü ratifikasiyadan sonra mümkün qədər qısa bir zamanda Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilən bəyanatda aşağıdakılara xüsusi diqqət yetirməli və lazımi qeydlər etməlidir:
a) marağı olan üzv mətninə dəyişikliklər edilməmiş Konvensiyanın müddəalarının hansı ərazilərə tətbiq edilməsinə;
b) qeyd olunmuş dəyişiklikləri nəzərə almaqla, Konvensiyanın müddəalarını mütləq tətbiq etdiyi ərazilərin siyahısına və bu dəyişikliklərin təfsilatının təqdim edilməsinə;
c) Konvensiyanın tətbiq edilməyəcəyi ərazilərə və bu halda onun tətbiq edilməməsinin səbəblərinə;
d) öz qərarının icrasını müvəqqəti dayandırdığı halda, onun hansı ərazilərə şamil olunduğuna.
2. Bu maddənin 1-ci bəndinin a və b yarımbəndlərində göstərilən öhdəliklər ratifikasiyanın ayrılmaz hissəsi hesab edilir və onunla eyni nəticələrə malikdir.
3. Təşkilatın hər hansı bir üzvü yeni bəyanat vasitəsi ilə bu maddənin 1-ci bəndinin b, c və d yarımbəndlərinə görə özünün əvvəlki bəyanatındakı şərtlərin hamısından və ya bir hissəsindən imtina edə bilər.
4. Təşkilatın hər hansı bir üzvü 34-cü maddənin müddəalarına uyğun olaraq, bu Konvensiyanın ləğv edilə biləcəyi dövr ərzində, Baş direktora əvvəlki hər hansı bəyanatının hər hansı şərtini dəyişdirən və müəyyən ərazilərdəki mövcud vəziyyət haqqında məlumat verən yeni bəyanat göndərə bilər.
Maddə 31
1. Bu Konvensiyada əks etdirilən məsələlər metropoliyadan kənar ərazilərin öz hökumət orqanlarının səlahiyyətinə aid olduqda, təşkilatın bu ərazinin beynəlxalq əlaqələrinə məsul olan üzvü, bu ərazinin hökuməti ilə razılaşmaqla, Beynəlxalq Əmək Bürosunun Baş direktoruna həmin ərazi adından bu Konvensiya üzrə qəbul edilmiş öhdəliklər haqqında bəyanat göndərə bilər.
2. Bu Konvensiya üzrə götürülmüş öhdəliklər haqqında bəyanat Beynəlxalq Əmək Bürosunun Baş direktoruna:
a) birgə idarəetmə altında olan ərazilər barədə təşkilatın iki və daha çox üzvü;
b) Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına və ya həmin ərazi barədə qüvvədə olan hər hansı bir başqa qərara əsasən, bu və ya digər ərazinin idarə olunmasına məsul olan hər hansı bir beynəlxalq hakimiyyət orqanı tərəfindən göndərilə bilər.
3. Bu maddənin əvvəlki bəndinə müvafiq olaraq Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilən bəyanatlarda Konvensiyanın müddəalarının həmin ərazidə dəyişiklik edilməklə və ya dəyişikliksiz tətbiq olunacağı göstərilir. Əgər bəyanatda Konvensiyanın müddəalarının dəyişiklik edilməklə tətbiq olunacağı göstərilirsə, onda orada bu dəyişikliklərin nədən ibarət olması dəqiqləşdirilir.
4. Təşkilatın marağı olan üzvü və ya üzvləri və ya beynəlxalq hakimiyyət orqanı istənilən vaxt yeni bəyanat vasitəsi ilə əvvəlki hər hansı bir bəyanatla təshih olunmuş dəyişikliklərdən istifadə hüququndan tam və ya qismən imtina edə bilərlər.
5. Təşkilatın marağı olan üzvü və ya üzvləri və ya beynəlxalq hakimiyyət orqanı, 34-cü maddənin müddəalarına müvafiq olaraq, Konvensiyanın ləğv edilə biləcək olduğu dövrlərdə, Baş direktora əvvəlki hər hansı bir bəyanatın şərtlərini hər hansı bir başqa cəhətdən dəyişən və bu Konvensiyanın tətbiqinə dair mövcud vəziyyət haqqında məlumat verən yeni bəyanat göndərə bilərlər.
IV BÖLMƏ
SON MÜDDƏALAR
Maddə 32
Bu Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydə alınmaq üçün Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir.
Maddə 33
1. Bu Konvensiya, Beynəlxalq Əmək Təşkilatının yalnız ratifikasiya haqqında sənədləri Baş direktor tərəfindən qeydə alınan üzvlərini əlaqələndirir.
2. O, təşkilatın iki üzvünün ratifikasiya haqqında sənədləri Baş direktor tərəfindən qeydə alındıqdan on iki ay sonra qüvvəyə minir.
3. Sonralar bu Konvensiya təşkilatın hər bir üzvü üçün onun ratifikasiya haqqında sənədləri qeydə alındığı tarixdən on iki ay sonra qüvvəyə minir.
Maddə 34
1. Təşkilatın bu Konvensiyasını ratifikasiya etmiş hər bir üzvü, onun qüvvəyə mindiyi ilk andan onillik müddət keçdikdən sonra, onu Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilmiş və onun tərəfindən qeydə alınmış ləğvetmə aktı vasitəsi ilə ləğv edə bilər. Ləğvetmə, ləğvetmə aktı qeydə alındıqdan bir il sonra qüvvəyə minir.
2. Təşkilatın bu Konvensiyasını ratifikasiya etmiş hər bir üzvü, əvvəlki bənddə qeyd edilmiş onillik müddət keçdikdən sonrakı bir il ərzində, bu maddədə nəzərdə tutulmuş ləğvetmə hüququndan istifadə etmədikdə növbəti onillik müddətə onunla bağlı olur və sonralar bu Konvensiyanı hər onillik müddət keçdikdən sonra, bu maddədə təsbit olunmuş qaydada ləğv edə bilər.
Maddə 35
1. Beynəlxalq Əmək Bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının bütün üzvlərini, təşkilatın üzvlərindən aldığı ratifikasiya haqqında bütün sənədlərin və ləğvetmə aktlarının qeydə alınması barədə xəbərdar edir.
2. Baş direktor bu Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan ratifikasiya haqqında aldığı ikinci sənədin qeydə alınmasını təşkilatın üzvlərinə xəbər verərək, onların diqqətini bu Konvensiyanın qüvvəyə mindiyi tarixə cəlb edir.
Maddə 36
Beynəlxalq Əmək Bürosunun Baş direktoru əvvəlki maddələrin müddəalarına müvafiq olaraq qeydə alınmış ratifikasiya haqqında bütün sənədlərə və ləğvetmə aktlarına aid müfəssəl məlumatları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq qeydə alınmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.
Maddə 37
Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası zəruri hesab etdiyi hər dəfə, Baş Konfransa bu Konvensiyanın tətbiqi haqqında məruzəni təqdim edir və ona tam, yaxud qismən yenidən baxılması barədə məsələnin Konfransın gündəliyinə daxil edilməsinin lazım olub-olmamasını həll edir.
Maddə 38
1. Əgər Konfrans bu Konvensiyanı tam, yaxud qismən dəyişdirən yeni konvensiyanı qəbul edərsə və yeni konvensiyada əkslik nəzərdə tutulmayıbsa, onda:
a) yeni, dəyişdirilmiş konvensiyanın təşkilatın hər hansı bir üzvü tərəfindən ratifikasiyası, 34-cü maddənin müddəalarından asılı olmayaraq, yeni, dəyişdirilmiş konvensiyanın qüvvəyə minməsi şərti ilə, bu Konvensiyanın təxirə salınmadan avtomatik ləğv edilməsinə səbəb olur;
b) yeni, dəyişdirilmiş konvensiyanın qüvvəyə mindiyi tarixdən başlayaraq, bu Konvensiya təşkilatın üzvlərinin ratifikasiyası üçün bağlıdır.
2. Bu Konvensiya, təşkilatın onu ratifikasiya etmiş, lakin yeni, dəyişdirilmiş konvensiyanı ratifikasiya etməmiş üzvləri üçün hər halda forma və məzmununa görə qüvvədə qalır.
Maddə 39
Bu Konvensiyanın ingilis və fransız mətnləri eyni qüvvəyə malikdir.
129 №-Lİ KONVENSİYA
Kənd təsərrüfatında əməyin təftişi haqqında
KONVENSİYA
Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 1969-cu il iyunun 4-də özünün əlli üçüncü sessiyasına toplaşmış Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı əməyin təftişinə aid əmək məsələləri üzrə mövcud olan beynəlxalq konvensiyaların, məsələn, sənaye və ticarət sahələrinə tətbiq edilən «Əməyin təftişi haqqında» 1947-ci il Konvensiyasının və kənd təsərrüfatı müəssisələrinin məhdud kateqoriyasını əhatə edən «Tarlalar haqqında» 1958-ci il Konvensiyasının müddəalarını nəzərə alaraq, ümumiyyətlə «kənd təsərrüfatında əməyin təftişi haqqında beynəlxalq normaların qəbul edilməsi arzusunu nəzərə alaraq, sessiyanın gündəliyinin dördüncü bəndi olan, kənd təsərrüfatında əməyin təftişinə aid bir sıra təklifləri qəbul etməyi qərara alaraq, bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qət edərək, «Kənd təsərrüfatında əməyin təftişi haqqında 1969-cu il Konvensiyası» adlandırılacaq aşağıdakı Konvensiyanı min doqquz yüz altmış doqquzuncu il iyun ayının iyirmi beşinci günündə qəbul edir.
Maddə 1
1. Bu Konvensiyada «kənd təsərrüfatı müəssisələri» termini, torpağın becərilməsi, heyvandarlıq, mal-qaranın artırılması və onlara qulluq edilməsi də daxil olmaqla, meşə təsərrüfatı, bağçılıq, əkinçinin özünün məşğul olduğu kənd təsərrüfatı məhsullarının ilkin emalı və ya digər müxtəlif növ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan müəssisələri və yaxud müəssisələrin hissələrini nəzərdə tutur.
2. Lazım gəldikdə, səlahiyyətli hakimiyyət orqanı o yerlərdə ki, marağı olan daha çox səlahiyyətli sahibkar və əməkçi təşkilatları mövcuddur, onlarla məsləhətləşdikdən sonra, bir tərəfdən kənd təsərrüfatı, digər tərəfdən isə sənaye və ticarət arasında elə hədd qoyur ki, heç bir kənd təsərrüfatı müəssisəsi milli əməyin təftişi sistemində istisna təşkil etməsin.
3. Hər bir halda bu Konvensiyanın hər hansı bir müəssisəyə və ya müəssisənin bir hissəsinə tətbiq edilməsi şübhə doğurarsa, bu məsələ səlahiyyətli hakimiyyət orqanı tərəfindən həll edilir.
Maddə 2
Bu Konvensiyada «qanunvericilik müddəaları» termini qanun və qərarlardan başqa, tətbiqi əmək müfəttişləri tərəfindən təmin edilməli və qanun qüvvəsinə malik olan iqtisadiyyat məhkəməsinin qərarlarını və kollektiv müqavilələri də əhatə edir.
Maddə 3
Bu Konvensiyanın qüvvəyə minməsinin Beynəlxalq Əmək Təşkilatının hər hansı bir üzvünə aidiyyəti varsa, həmin üzv kənd təsərrüfatında əməyin təftişi sisteminə malik olmalıdır.
Maddə 4
Kənd təsərrüfatında əməyin təftişi sistemi, muzdlu işçilərin və ya şagirdlərin, onların zəhmət haqlarının növündən və əmək müqaviləsinin növ, forma və müddətindən asılı olmayaraq, işlədikləri kənd təsərrüfatı müəssisələrinə şamil edilir.
Maddə 5
1. Bu Konvensiyanı ratifikasiya edən hər bir təşkilat üzvü ratifikasiya haqqında sənədə əlavə edilən bəyanatında özünün kənd təsərrüfatında əməyin təftişi sisteminin kənd təsərrüfatı müəssisələrində işləyən aşağıdakı bir və ya bir neçə kateqoriyalı şəxslərə aid edilməsi barədə öhdəlik götürə bilər. Bu şəxslər aşağıdakılardır:
a) muzdlu əməkdən istifadə etməyən icarədarlar, payçılar və bu kateqoriyadan olan kənd təsərrüfatı işçiləri;
b) kollektiv təsərrüfatda çalışan şəxslər, məsələn, kooperativ üzvləri;
c) milli qanunvericiliyin təyininə uyğun olaraq kənd təsərrüfatı müəssisəsi rəhbərinin ailə üzvləri.
2. Bu Konvensiyanı ratifikasiya edən hər bir təşkilat üzvü nəticə etibarı ilə Beynəlxalq Əmək Bürosunun Baş direktoruna, əvvəlki bəyanatda əhatə edilməyən, yuxarıdakı bölmədə göstərilən bir və ya bir neçə kateqoriyalı şəxslərə öz kənd təsərrüfatında əməyin təftişi sisteminin aid edilməsi haqqında öhdəlik götürməsi barədə bəyanat göndərə bilər.
3. Bu Konvensiyanı ratifikasiya edən hər bir təşkilat üzvü Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 22-ci maddəsinə uyğun olaraq təqdim etdiyi məruzələrində 1-ci bölmədə göstərilən və əvvəlki müraciətdə əhatə edilməyən o cür kateqoriyalı şəxslərə aid bu Konvensiyanın müddəalarının hansı dərəcədə tətbiq edildiyini və ya ediləcəyini göstərir.
Maddə 6
1. Kənd təsərrüfatında əməyin təftişi sistemi aşağıdakı funksiyalara malikdir:
a) əmək şəraiti və əməkçilərin işdə müdafiəsi sahəsində, məsələn, iş vaxtı, əmək haqqı, həftəlik istirahət və məzuniyyətlər, əməyin mühafizəsi, sağlamlığın qorunması və məişət xidməti, qadın, uşaq və yeniyetmələrin əməyinin tətbiqi haqqında və başqa bu cür məsələlərə dair göstərilən müddəalara riayət edilməsinə əmək müfəttişlərinə həvalə edilmiş nəzarət çərçivəsində qanunvericilik müddəalarının tətbiqini təmin etmək;
b) qanunvericilik müddəalarına əməl olunmasının daha səmərəli vasitələrinə dair sahibkarlara və əməkçilərə texniki məlumat və məsləhətlər vermək;
c) mövcud qanunvericilik müddəalarının təsir dairəsinə düşməyən çatışmazlıqlar və sui-istifadə halları barədə səlahiyyətli hakimiyyət orqanına məlumat vermək və qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər təqdim etmək.
2. Milli qanunvericilik kənd təsərrüfatındakı əmək müfəttişlərinə məsləhət funksiyası və yaxud əməkçilərin və onların ailələrinin həyat şəraitinə aid olan qanunvericilik müddəalarının tətbiqinə nəzarət etmək funksiyasını verə bilər.
3. Kənd təsərrüfatında əmək müfəttişlərinə həvalə edilə biləcək hər hansı bir əlavə vəzifə, onların əsas vəzifələrinin səmərəli yerinə yetirilməsinə mane olmamalı, sahibkar və əməkçilərlə münasibətlərində onlar üçün zəruri olan hörmət və qərəzsizliyə xələl gətirməməlidir.
Maddə 7
1. Kənd təsərrüfatında əməyin təftişi təşkilat üzvünün inzibati təcrübəsinə uyğun olan dərəcədə mərkəzi orqanın müşahidəsi və nəzarəti altında fəaliyyət göstərir.
2. Federativ dövlət üçün «mərkəzi orqan» termini ya federasiyanın mərkəzi orqanını, ya da federasiyanın tərkib hissələrindən birinin mərkəzi orqanını nəzərdə tuta bilər.
3. Kənd təsərrüfatında əməyin təftişi aşağıdakılar tərəfindən həyata keçirilə bilər:
a) təsərrüfat fəaliyyətinin bütün sahələrinə cavabdeh olan vahid əmək müfəttişliyi orqanı;
b) kənd təsərrüfatında əməyin təftişinin həvalə edildiyi əmək müfəttişlərinin müvafiq hazırlığı sayəsində təmin edilmiş daxili funksional ixtisaslaşmaya malik olan vahid əmək müfəttişliyi orqanı;
c) əməkdaşlarına kənd təsərrüfatında əməyin təftişinin həvalə edildiyi texniki ixtisas dərəcəli xidmətin yaradılması yolu ilə təmin edilmiş daxili institusional ixtisaslaşmaya malik olan vahid əmək müfəttişliyi orqanı tərəfindən;
d) yaxud fəaliyyətinə, başqa sahələrdə (məsələn, sənaye, nəqliyyat və ticarətdə) əməyin təftişinə dair eyni səlahiyyətlərə malik olan mərkəzi orqan tərəfindən nəzarət edilən ixtisaslaşdırılmış kənd təsərrüfatının təftişi xidməti.
Maddə 8
1. Müfəttişliyin heyəti dövlət qulluqçularından ibarətdir. Onların statusu və iş şəraiti vəzifə sabitliyini təmin edir və onlar hökumətdə hər hansı dəyişikliklərdən və ya hər hansı arzuolunmaz xarici təsirdən asılı olmurlar.
2. Təşkilat üzvləri kənd təsərrüfatında əməyin təftişi sisteminə, milli qanunvericiliyə və təcrübəyə uyğun şəkildə həmkarlar ittifaqları təşkilatlarının əməkdaşlarını və ya nümayəndələrini cəlb edə bilərlər. Onların fəaliyyətləri dövlət müfəttişlərinin işini tamamlamalıdır. Bu əməkdaşların və nümayəndələrin iş funksiyalarının sabitliyinə və hər hansı arzuolunmaz xarici təsirdən asılı olmamasına təminat verilməlidir.
Maddə 9
1. Milli qanunvericiliyin dövlət idarələri qulluqçularının qəbuluna aid bütün tələblərinə riayət edilməsi şərti ilə kənd təsərrüfatında əmək müfəttişləri yalnız namizədin onun üzərinə qoyulacaq vəzifələrin yerinə yetirilməsinə yararlı olub-olmaması əsasında qəbul edilir.
2. Belə yararlığın yoxlanılma metodunu səlahiyyətli hakimiyyət orqanı müəyyən edir.
3. Kənd təsərrüfatında əmək müfəttişləri öz funksiyalarını həyata keçirmək üçün müvafiq hazırlıq keçirlər və iş prosesində onların əlavə hazırlıq keçməsini təmin etmək üçün müvafiq tədbirlər görülür.
Maddə 10
Müfəttişliyin heyət tərkibinə həm kişilər, həm də qadınlar təyin oluna bilərlər. Lazım gəldikdə, kişi müfəttişlərə və qadın müfəttişlərə müvafiq surətdə xüsusi vəzifələr həvalə oluna bilər.
Maddə 11
Təşkilatın hər bir üzvü texniki biliklər tələb edən problemlərin həlli zamanı bu ölkənin şəraitinə uyğunluğu qəbul edilə bilən şəkildə kənd təsərrüfatında əməyin təftişi işlərinə ixtisas dərəcəli ekspertlərin və mütəxəssislərin cəlb olunması üçün lazımi tədbirlər görür.
Maddə 12
1. Səlahiyyətli hakimiyyət orqanı kənd təsərrüfatında əməyin təftişi xidməti ilə oxşar fəaliyyəti həyata keçirən digər hökumət xidmətləri, habelə ictimai və nüfuzlu təşkilatlar arasında səmərəli əməkdaşlığa yardım etmək üçün müvafiq tədbirlər görür.
2. Lazım gəldikdə, səlahiyyətli hakimiyyət orqanı işə kömək qaydasında regional və yerli səviyyədə əməyin təftişinə dair bəzi funksiyaların yerinə yetirilməsini ya müvafiq hökumət xidmətlərinə və yaxud ictimai təşkilatlara tapşıra bilər, ya da bu xidmət və təşkilatları həmin Konvensiyanın təsbit etdiyi prinsiplərin tətbiqinə xələl gətirməmək şərti ilə bu funksiyaların yerinə yetirilməsinə cəlb edə bilər.
Maddə 13
Səlahiyyətli hakimiyyət orqanı, kənd təsərrüfatında əmək müfəttişliyi qulluqçuları ilə sahibkar və əməkçilər və ya əgər sonuncuların təşkilatları mövcuddursa, bu təşkilatlar arasında əməkdaşlığa yardım etmək üçün müvafiq tədbirlər görür.
Maddə 14
Kənd təsərrüfatında əmək müfəttişlərinin sayı təftiş xidmətinin funksiyalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün kifayət qədər olmalıdır. O, aşağıdakıları nəzərə almaqla təyin edilir:
a) müfəttişlərin yerinə yetirməli olduqları vəzifələrin əhəmiyyəti və o cümlədən:
müfəttişliyin nəzarəti altına düşən kənd təsərrüfatı müəssisələrinin sayı,
xarakteri, ölçüsü və harada yerləşməsi;
həmin müəssisələrdə işləyən əməkçilərin sayı və kateqoriyaları;
tətbiqini təmin etməli olduqları qanunvericilik müddəalarının sayı və mürəkkəbliyi;
b) müfəttişlərin sərəncamına verilən maddi vəsait;
c) təftiş səfərlərinin daha səmərəli olması üçün əməli şərait.
Maddə 15
1. Səlahiyyətli hakimiyyət orqanı əmək müfəttişlərinin sərəncamında aşağıdakıların olması üçün zəruri tədbirlər görür.
a) kənd təsərrüfatı müəssisələri və mövcud əlaqə vasitələrinin coğrafi vəziyyəti nəzərə alınmaqla yerləşmiş, təftiş xidmətinin ehtiyaclarına müvafiq təchiz edilmiş və bütün əlaqədar şəxslər üçün açıq olan yerli bürolar;
b) müvafiq ictimai nəqliyyat vasitələri olmadığı halda, onların funksiyalarının həyata keçirilməsi üçün zəruri olan nəqliyyat vasitələri.
2. Səlahiyyətli hakimiyyət orqanı kənd təsərrüfatında əmək müfəttişlərinə bir yerdən başqa yerə getmək və öz funksiyalarını həyata keçirmək üçün lazım olan bütün nəqliyyat və hər hansı əlavə xərclərin haqqını ödəmək məqsədi ilə zəruri tədbirlər görür.
Maddə 16
1. Səlahiyyətlərini təsdiq edən sənədlərlə təchiz edilmiş əmək müfəttişlərinin aşağıdakı hüquqları vardır:
a) müfəttişliyin nəzarət dairəsinə daxil olan hər hansı müəssisəyə əvvəlcədən xəbərdarlıq etmədən və günün istənilən vaxtında maneəsiz girmək;
b) binanın müfəttişliyin nəzarət dairəsinə düşdüyünü hesab etmək üçün kifayət qədər əsas olduqda, gündüz vaxtı bütün belə binalara daxil olmaq;
c) qanunvericilik müddəalarına səmərəli surətdə riayət edildiyinə əmin olmaq üçün zəruri bildikləri hər hansı yoxlamanı, nəzarəti və araşdırmanı həyata keçirmək və o cümlədən:
təklikdə və ya şahidlərin yanında qanunvericilik müddəalarının tətbiqinə dair bütün sahələr üzrə sahibkara və ya müəssisənin heyətinə və yaxud müəssisədə işləyən hər hansı bir şəxsə suallar vermək;
həyat və əmək şəraiti məsələləri üzrə qanunvericilikdə doldurulması göstərilmiş hər hansı kitabın, reyestrin və ya sənədlərin qanunvericilik müddəalarına uyğunluğunu yoxlamaq, surətini və ya ayrı-ayrı yerlərindən çıxarışlar çıxarmaq məqsədi ilə onları milli qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələb etmək;
istifadə olunan və ya emal olunan ərzaq, material və maddələrin nümunələrini analiz üçün götürmək və ya özü ilə aparmaq, bu şərtlə ki, ərzaq, materiallar, nümunələr və ya maddələrin həmin məqsədlə götürüldüyü və aparıldığı haqqında sahibkar və ya onun nümayəndəsi xəbərdar edilmiş olsun.
2. Həmin maddənin birinci bəndinin a) və b) yarımbəndlərinə əsasən, əmək müfəttişləri kənd təsərrüfatı müəssisəsinin rəhbərinin şəxsi yaşayış yerinə, həmin rəhbərin və yaxud səlahiyyətli hakimiyyət orqanının xüsusi razılığının olması halları istisna olunmaqla, daxil ola bilməzlər.
3. Təftiş səfəri zamanı müfəttişlər, gəlişləri barəsində bildiriş verilməsinin onların öz funksiyalarının lazımi şəkildə yerinə yetirilməsinə zərər yetirəcəyini hesab etdikləri hallar istisna olunmaqla, gəldikləri barədə sahibkara və ya onun nümayəndəsinə, eləcə də əməkçilərə və ya onların nümayəndələrinə bildiriş verirlər.
Maddə 17
Kənd təsərrüfatında əmək müfəttişliyi orqanları yeni qurğu və material və ya maddələrin, sağlamlığa və əməyin təhlükəsizliyinə xətər vura bilən məhsulların yeni becərmə və emal edilmə proseslərinə xəbərdarlıq nəzarətinin keçirilməsində səlahiyyətli hakimiyyət orqanının müəyyən etdiyi qaydada və hallarda iştirak edirlər.
Maddə 18
1. Kənd təsərrüfatında əmək müfəttişlərinin hər hansı bir qurğuda, avadanlığın yerləşdirilməsində və ya təhlükəli material, yaxud maddələrin istifadə olunması daxil olmaqla, kənd təsərrüfatı müəssisələrinin əmək metodlarında qeyd etdikləri nöqsanların əməkçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün xətər törətdiyini hesab etmələrinə əsas olduqda, onların bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsini tələb etmək ixtiyarı vardır.
2. Əmək müfəttişlərinin belə tədbirlər görmək imkanının olması üçün onlara, milli qanunvericilikdə nəzərdə tutula biləcəyi kimi məhkəmə və ya inzibati orqanlara şikayət etmək hüququna riayət etmək şərti ilə aşağıdakılar barədə sərəncam vermək və ya sərəncam verilməsini tələb etmək səlahiyyəti verilir:
a) əməkçilərin sağlamlığının və əməyin təhlükəsizliyinin mühafizəsi məsələləri üzrə qanunvericilik müddəalarının ciddi surətdə tətbiq olunmasını təmin etmək üçün qurğularda, otaqlarda, alətlərdə, avadanlıqda, yaxud maşınlarda təyin olunmuş müddət ərzində zəruri dəyişikliklərin edilməsi barədə;
b) əməkçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün bilavasitə xətər törətdiyi halda, habelə işin dayandırılmasınadək dərhal yerinə yetirilməli tədbirlərin görülməsi barədə.
3. 2-ci bənddə müəyyən edilmiş qayda təşkilat üzvünün inzibati və məhkəmə təcrübəsinə uyğun gəlmədiyi təqdirdə, müfəttişlər dərhal yerinə yetirilməli tədbirlərin görülməsi haqqında göstəriş və ya sərəncamın verilməsi üçün səlahiyyətli hakimiyyət orqanına müraciət etmək hüququna malikdirlər.
4. Müəssisəyə səfər zamanı müfəttiş tərəfindən aşkar edilmiş nöqsanlar, eləcə də onun 2-ci bəndə müvafiq olaraq verdiyi sərəncamları və yaxud onun 3-cü bəndə müvafiq olaraq verilməsi üçün müraciət etmək niyyətində olduğu sərəncamlar dərhal sahibkarın və əməkçilərin nümayəndələrinin nəzərinə çatdırılır.
Maddə 19
1. İstehsalatda bədbəxt hadisələr və kənd təsərrüfatı sahəsində peşə xəstəlikləri haqqında məlumat kənd təsərrüfatında əmək müfəttişliyinə milli qanunvericilikdə göstərilmiş hallarda və qaydada verilir.
2. İmkan dairəsində əmək müfəttişləri istehsalatda ən ciddi bədbəxt hadisələr və ya peşə xəstəlikləri, xüsusən də onların bir neçə nəfərin qəzaya uğraması və ya ölümü ilə nəticələnməsi hallarında, bu hadisə və xəstəliklərin səbəblərinin yerində hər hansı araşdırılmasında iştirak edirlər.
Maddə 20
Milli qanunvericilikdə nəzərdə tutula bilən istisnalara riayət olunması şərti ilə kənd təsərrüfatında əmək müfəttişləri:
a) nəzarətləri altında olan müəssisələrin işində bilavasitə və ya dolayısı ilə iştirak edə bilməzlər;
b) funksiyalarını yerinə yetirərkən tanış ola biləcəkləri istehsalat və ya kommersiya sirlərini, habelə istehsalat proseslərini müvafiq sanksiyalar və ya inzibati tədbirlər təhlükəsi altında hətta vəzifədən getdikdən sonra belə elan edə bilməzlər;
c) nöqsanlar, əmək əməliyyatlarında olan təhlükələr və ya qanunvericilik müddəalarının pozulması barədə hər hansı şikayət mənbəyini tam məxfi saxlayaraq, təftiş səfərinin belə şikayətin alınması ilə bağlı olması barədə sahibkara və ya onun nümayəndəsinə məlumat verə bilməzlər.
Maddə 21
Kənd təsərrüfatı müəssisələri müvafiq qanunvericilik müddəalarının səmərəli tətbiqini təmin etmək üçün zəruri olan qədər tez-tez və əsaslı surətdə təftişdən keçirilir.
Maddə 22
1. Həyata keçirilməsi kənd təsərrüfatında əmək müfəttişlərinə həvalə olunmuş qanunvericilik müddəalarını pozan və ya onlara riayət etməkdən boyun qaçıran şəxslər əvvəlcədən xəbərdarlıq edilmədən dərhal məhkəmə təqibinə məruz qalırlar. Lakin milli qanunvericilik vəziyyətin düzəldilməsi və ya nöqsanların qarşısını alan tədbirlərin görülməsi üçün əvvəlcədən xəbərdarlıq edilməsi lazım gələn hallar barəsində istisnalar nəzərdə tuta bilər.
2. Əmək müfəttişləri, təqibə başlamaq və ya onun başlanmasını tövsiyə etmək əvəzinə xəbərdarlıq edib-etməmək və ya məsləhət verib-verməmək məsələsini özləri həll etmək hüququna malikdirlər.
Maddə 23
Əgər kənd təsərrüfatında əmək müfəttişlərinin təqibə başlamaq hüququ yoxdursa, onlar bilavasitə təqib qaldırmağa səlahiyyəti olan hakimiyyət orqanına qanunvericilik müddəalarının pozulması haqqında məruzə təqdim etmək səlahiyyətinə malik olmalıdırlar.
Maddə 24
Tətbiqinə kənd təsərrüfatında əmək müfəttişləri tərəfindən nəzarət olunmalı qanunvericilik müddəalarının pozulmasına və öz vəzifələrini həyata keçirən əmək müfəttişlərinə müqavimət göstərilməsinə görə milli qanunvericiliklə müvafiq sanksiyalar nəzərdə tutulur və səmərəli surətdə tətbiq edilir.
Maddə 25
1. Əmək müfəttişləri və ya yerli təftiş büroları kənd təsərrüfatında öz fəaliyyətlərinin nəticələri haqqında mərkəzi təftiş xidməti orqanına vaxtaşırı məruzələr təqdim edirlər.
2. Bu məruzələr mərkəzi orqanın göstərişləri əsasında tərtib edilir və bu orqanın zaman-zaman göstərdiyi məsələləri əhatə edir. Onlar mərkəzi orqanın tələb etdiyi qədər, hər halda ildə azı bir dəfə təqdim edilir.
Maddə 26
1. Mərkəzi təftiş orqanı kənd təsərrüfatında əməyin təftişi xidmətlərinin fəaliyyəti haqqında ya ayrıca məruzə halında, ya da özünün ümumi illik məruzəsinin bir hissəsi kimi illik məruzələr dərc edir.
2. Bu illik məruzələr aid olduqları ildən sonrakı on iki aydan çox olmamaqla, münasib müddətdə dərc edilir.
3. İllik məruzələrin nüsxələri dərc edildikdən sonra üç aydan gec olmamaqla Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir.
Maddə 27
Mərkəzi təftiş xidməti orqanının dərc etdiyi illik məruzələrdə həmin mərkəzi orqanın nəzarəti altına düşdüyü ölçüdə aşağıdakılar və işə dair bütün başqa məsələlər əhatə olunur:
a) kənd təsərrüfatında əmək müfəttişliyinin fəaliyyətinə aid olan qanunlar və qərarlar;
b) kənd təsərrüfatında əmək müfəttişliyinin heyəti;
c) müfəttişliyin nəzarətinin əhatə etdiyi kənd təsərrüfatı müəssisələri haqqında statistik məlumatlar və həmin müəssisələrdə işləyən əməkçilərin sayı;
d) təftiş səfərləri haqqında statistik məlumatlar;
e) yol verilmiş pozuntular və tətbiq edilmiş sanksiyalar haqqında statistik məlumatlar;
f) istehsalatda bədbəxt hadisələr haqqında, onların səbəblə
|