Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASıNIN QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 1981-ci il iyunun 23-də Cenevrə şəhərində qəbul edilmiş 156 nömrəli Konvensiyasına qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il № 1003-IIIQ
156 nömrəli Konvensiya
Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçiin bərabər imkanlar və bərabər rəftar haqqında
KONVENSİYA
Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 3 iyun 1981-ci il tarixində özünün 67-ci sessiyasına toplanmış Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı,
Beynəlxalq Əmək Təşkilatının məqsəd və vəzifələri haqqında Filadelfiya bəyannaməsini nəzərə alaraq, hansı ki, orada bəyan olunur ki, "İrqindən, dinindən və ya cinsindən asılı olmayaraq bütün insanlar öz maddi rifah və mənəvi inkişaflarını azadlıq və ləyaqət, iqtisadi sabitlik və bərabər imkanlar şəraitində həyata keçirmək hüququna malikdirlər",
Beynəlxalq Əmək Konfransı tərəfindən 1975-ci ildə qəbul edilmiş Qadın işçilər üçün imkanların və rəftarın bərabərliyi haqqında Bəyannamənin müddəalarını və Qadın işçilər üçün bərabər rəftar və bərabər imkanların təşviq edilməsinə yönəldilmiş fəaliyyət planı haqqında Qətnaməni nəzərə alaraq,
kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanların təmin edilməsinə yönəldilmiş əmək üzrə beynəlxalq konvensiyaların və tövsiyələrin müddəalarını, xüsusilə Bərabər haqq verilməsi haqqında 1951-ci il tarixli Konvensiyanın və Tövsiyənin, Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 1958-ci il tarixli Konvensiyanın və Tövsiyənin və İnsan ehtiyatlarının inkişafı haqqında 1975-ci il tarixli Tövsiyənin VIII bölməsinin müddəalarını nəzərə alaraq,
Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 1958-ci il tarixli Konvensiyada ailə vəzifələri əsasında fərqləndirmə aparılmasının bilavasitə nəzərdə tutulmadığını xatırladaraq və bu sahədə yeni normaların qəbul edilməsini vacib hesab edərək,
Ailə vəzifələri olan qadınların əməyi haqqında 1965-ci il tarixli Tövsiyənin müddəalarını və onun qəbul edildiyi vaxtdan baş verən dəyişiklikləri nəzərə alaraq,
kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında aktların Birləşmiş Millətlər Təşkilatı və digər ixtisaslaşmış qurumlar tərəfindən də qəbul edildiyini qeyd edərək və xüsusilə Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının 1979-cu il tarixli Konvensiyasının preambulasının on dördüncü bəndini xatırladaraq, hansı ki, orada qeyd olunur ki, Konvensiyanın iştirakçısı olan dövlətlər "dərk edirlər ki, kişi və qadınların tam bərabərliyinə nail olmaq üçün həm kişilərin, həm də qadınların cəmiyyətdə və ailədə ənənəvi rolunu dəyişmək lazımdır",
ailə vəzifələri olan işçilərin problemlərinin, milli siyasətin həyata keçirilməsində nəzərə alınması vacib olan, ailə və cəmiyyətlə bağlı daha geniş məsələlərin aspektləri olduğunu qəbul edərək,
ailə vəzifələri olan kişi və qadın işçilər üçün, eləcə də onlarla digər işçilər arasında rəftar və imkanların əsl bərabərliyinin bərqərar edilməsinin zəruri olduğunu qəbul edərək,
bütün işçilər qarşısında duran problemlərin çoxunun ailə vəzifələri olan işçilər üçün ağırlaşdığını hesab edərək və sonuncu qeyd olunanların həm xüsusi tələblərinə cavab verən, həm də ümumiyyətlə işçilərin vəziyyətinin yaxşı-aşdırılmasına yönəldilən tədbirləri qəbul etməklə onların vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini etiraf edərək,
sessiyanın gündəliyinin beşinci bəndi olan, ailə vəzifələri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında bir sıra təkliflərin qəbul edilməsinə qərar verərək, bu təkliflərə beynəlxalq konvensiya forması verilməsini qət edərək,
min doqquz yüz səksən birinci il iyun ayının iyirmi üçüncü günündə "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında 1981-ci il tarixli Konvensiya" adlandırılacaq aşağıdakı Konvensiyam qəbul edir:
Maddə 1
1. Bu Konvensiya himayəsində olan uşaqlara münasibətdə ailə vəzifələri olan kişi və qadın işçilərə, bu vəzifələr iqtisadi fəaliyyətdə onların hazırlaşmaq, daxil olmaq, iştirak etmək və ya irəli çəkilmək imkanlarım məhdudlaşdırdığı halda şamil olunur.
2. Bu Konvensiyanın müddəaları, eləcə də qulluğu və ya köməyə həqiqətən ehtiyacı olan digər yaxın ailə üzvlərinə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçilərə, bu vəzifələr iqtisadi fəaliyyətdə onların hazırlaşmaq, daxil olmaq, iştirak etmək və ya irəli çəkilmək imkanlarını məhdudlaşdırdığı halda şamil olunur.
3. Bu Konvensiyanın məqsədləri üçün istifadə olunan "himayədə olan uşaq" və "qulluğa və ya köməyə həqiqətən ehtiyacı olan digər yaxın ailə üzvü" terminləri bu Konvensiyanın 9-cu maddəsində göstərilən üsullardan biri ilə hər bir ölkədə müəyyən edilən şəxsləri bildirir.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları şamil olunan işçilər bundan sonra "ailə vəzifələri olan işçilər" adlandırılacaq.
Maddə 2
Bu Konvensiya iqtisadi fəaliyyət sahələrinin bütün növlərinə və bütün işçi kateqoriyalarına şamil olunur.
Maddə 3
1. Kişi və qadın işçilər üçün əsl bərabər rəftar və imkanların təmin edilməsi üçün hər bir üzv-dövlətin milli siyasətinin məqsədlərindən biri də ondan ibarət olmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə vəzifələri olan şəxslər bu hüququ ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə vəzifələrini uzlaşdıraraq həyata keçirə bilsinlər.
2. Bu maddənin 1-ci bəndinin məqsədləri üçün istifadə olunan "ayrı-seçkilik" termini Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 1958-ci il tarixli Konvensiyanın 1-ci və 5-ci maddələrində müəyyən olunmuş əmək və məşğulluq sahəsində ayrı-seçkiliyi bildirir.
Maddə 4
Kişi və qadın işçilər üçün əsl bərabər rəftar və imkanların təmin edilməsi üçün milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər ona görə görülür ki:
a) ailə vəzifələri olan işçilər sərbəst iş seçmək hüquqlarını həyata keçirə bilsinlər;
b) onların məşğulluq şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın.
Maddə 5
Milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər, eləcə də ona görə görülür ki:
a) yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın;
b) uşağa qulluq və ailəyə kömək göstərilməsi üzrə müəssisə və xidmətlər kimi dövlət və özəl məişət xidmətləri inkişaf etsin və ya onların inkişafına kömək göstərilsin.
Maddə 6
Hər bir ölkənin səlahiyyətli hakimiyyətləri və orqanları kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar prinsipinin və ailə vəzifələri olan işçilərin problemlərinin cəmiyyət tərəfindən daha geniş başa düşülməsinə kömək edən məlumatlandırmanın və maarifçiliyin inkişafının, eləcə də bu problemlərin həllinə imkan yaradan ictimai fikrin təşviqi üzrə müvafiq tədbirlər görürlər.
Maddə 7
Milli şəraitə və imkanlara uyğun olan bütün tədbirlər, o cümlədən ailə vəzifələri olan işçilərə əmək fəaliyyətinə başlamaq və ya onu davam etdirmək, eləcə də bu vəzifələrlə əlaqədar işdən ayrıldıqdan sonra əmək fəaliyyətini bərpa etmək imkanı verən peşə yönümü və peşə hazırlığı sahəsində tədbirlər görülür.
Maddə 8
Ailə vəzifələri öz-özlüyündə əmək münasibətlərinə xitam verilməsi üçün əsas ola bilməz.
Maddə 9
Bu Konvensiya qanunvericilik və ya qaydalar, kollektiv müqavilələr, müəssisənin daxili əmək intizamı qaydaları, arbitraj qərarları, məhkəmənin qərarları və ya bu metodların kombinasiyası vasitəsilə və ya milli şərait nəzərə alınmaqla, milli təcrübəyə uyğun istənilən başqa üsulla həyata keçirilə bilər.
Maddə 10
1. Milli şərait nəzərə alınmaqla, ehtiyac olduqda bu Konvensiyanın müddəaları mərhələlərlə tətbiq edilə bilər, lakin onların həyata keçirilməsi üzrə tədbirlər istənilən halda 1-ci maddənin 1-ci bəndi şamil olunan bütün işçilərə tətbiq edilir.
2. Bu Konvensiyanı ratifikasiya etmiş hər bir üzv-dövlət Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsinin 22-ci maddəsinə uyğun olaraq onun tətbiqi barədə təqdim etdiyi birinci məruzəsində, Konvensiyanın hansı müddəalarına münasibətdə bu maddənin 1-ci bəndində nəzərdə tutulan imkandan istifadə etmək niyyəti barədə məlumat verir və sonrakı məruzələrində bu müddəaları hansı dərəcədə yerinə yetirilməsini və ya yerinə yetirmək niyyətini qeyd edir.
Maddə 11
Bu Konvensiyanın müddəalarının həyata keçirilməsinə istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və tətbiqində işəgötürənlərin və işçilərin təşkilatlarının milli şəraitə və təcrübəyə uyğun üsulla iştirak etmək hüququ vardır.
Maddə 12
Bu Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydiyyat üçün Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir.
Maddə 13
1. Bu Konvensiya ancaq ratifikasiya haqqında sənədləri Baş direktor tərəfindən qeydiyyata alınmış Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinə münasibətdə məcburi hüquqi qüvvəyə malikdir.
2. O, Təşkilatın üzvü olan iki dövlətin ratifikasiya haqqında sənədlərinin Baş direktor tərəfindən qeydiyyata alındığı tarixdən 12 ay sonra qüvvəyə minir.
3. Bundan sonra isə bu Konvensiya Təşkilatın üzvü olan hər bir dövlət üçün onun ratifikasiya haqqında sənədinin qeydiyyata alındığı tarixdən 12 ay sonra qüvvəyə minəcəkdir.
Maddə 14
1. Bu Konvensiyanı ratifikasiya etmiş hər bir üzv-dövlət onun ilk dəfə qüvvəyə mindiyi gündən on il keçdikdən sonra Beynəlxalq Əmək Bürosunun Baş direktoruna denonsasiya haqqında bildiriş göndərməklə onu denonsasiya edə bilər. Denonsasiya bu barədə bildirişin qeydiyyata alındığı tarixdən bir il sonra qüvvəyə minir.
2. Bu Konvensiyanı ratifikasiya etmiş hər bir üzv-dövlət əvvəlki bənddə göstərilən on illik müddət keçdikdən sonra bir il ərzində bu maddədə göstərilən denonsasiya hüququndan istifadə etmədikdə, onun üçün Konvensiya sonrakı on il müddətində qüvvədə qalacaq və sonralar o, hər sonrakı on il keçdikdən sonra bu maddədə nəzərdə tutulan qaydada onu denonsasiya edə bilər.
Maddə 15
1. Beynəlxalq Əmək Bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının üzvü olan bütün dövlətləri Təşkilatın üzvü olan dövlətlər tərəfindən ona göndərilmiş ratifikasiya haqqında sənədlərin və denonsasiya haqqında bildirişlərin qeydiyyata alınması barədə xəbərdar edir.
2. Baş direktor ratifikasiya haqqında aldığı ikinci sənədin qeydiyyatı barədə üzv-dövlətləri xəbərdar etməklə, bu Konvensiyanın qüvvəyəminmə tarixini onların diqqətinə çatdırır.
Maddə 16
Beynəlxalq Əmək Bürosunun Baş direktoru əvvəlki maddələrin müddəalarına uyğun olaraq qeydiyyata aldığı ratifikasiya haqqında sənədlər və denonsasiya haqqında bildirişlər barədə tam məlumatı, Birləşmiş«Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, qeydiyyat üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə göndərir.
Maddə 17
Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası zəruri hesab etdiyi hallarda Baş Konfransa bu Konvensiyanın tətbiqi haqqında məruzə təqdim edir və ona tam və ya qismən yenidən baxılması haqqında məsələnin Konfransın gündəliyinə daxil edilməsinin məqsədəmüvafiqliyinə baxır.
Maddə 18
1. Əgər Konfrans bu Konvensiyaya tam və ya qismən yenidən baxılmasını nəzərdə tutan yeni konvensiya qəbul edərsə və yeni konvensiyada digər şərt nəzərdə tutulmazsa, onda:
a) hər hansı üzv-dövlət tərəfindən yenidən baxılmış konvensiyanın ratifikasiyası, 14-cü maddənin müddəalarından asılı olmayaraq, avtomatik olaraq, ona münasibətdə bu Konvensiyanın dərhal denonsasiyasına səbəb olacaqdır, bu şərtlə ki, yenidən baxılmış konvensiya qüvvəyə minmiş olsun;
b) yenidən baxılmış konvensiyanın qüvvəyə mindiyi gündən, bu Konvensiya üzv-dövlətlər tərəfindən ratifikasiya üçün bağlıdır.
2. Bu Konvensiya onu ratifikasiya etmiş, lakin yenidən baxılmış konvensiyanı ratifikasiya etməmiş üzv-dövlətlər üçün istənilən halda forma və məzmunca qüvvədə qalır.
Maddə 19
Bu Konvensiyanın ingilis və fransız mətnləri eyni qüvvəyə malikdir.