Mənzillə təminat

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 25 yanvar 2021-ci il tarixli və 25 avqust 2021-ci il tarixli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaşılaşdırılması nəzərdə tutulub.

Göstərilən sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər aşağıdakılardır:

  1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
  2. uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
  3. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
  4. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri;
  5. 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.

İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;
  2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;
  3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;
  4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;
  5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;
  6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);
  7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);
  8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.

Növbəyə dayanan vətəndaşların Siyahısı

Mənzillə təmin edilən vətəndaşların Siyahısı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı