Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 35351 reabilitasiya vasitəsi verilib

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.

9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Onların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.

Ötən il  9284 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin ediliblər. Onlara əlil arabaları, eşitmə aparatları və protez-ortopedik məmulatlardan ibarət olmaqla ümumilikdə 35351 reabilitasiya vasitəsi verilib.

Mərkəz tərəfindən 597 nəfərə protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının azaldılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilib.