“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanunu
Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Qanunun məqsədi
Bu Qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir.
Maddə 2. Qısaldılmış iş vaxtının müddəti
Dövlət qulluğunda olan I və II dərəcə əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, hamilə və yaşyarımadək uşağı olan qadınlara və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.[1]
Maddə 3. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün iş vaxtı müddətinin artırılmasının qadağan olunması
Bu Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçuları üçün "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş iş vaxtının artırılması qadağan olunur.
Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 22 iyun 2001-ci il
№ 156-IIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
- 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
- 29 noyabr 2016-cı il tarixli 440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 17)
- 19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 2-ci maddəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin.
29 noyabr 2016-cı il tarixli 440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 17) ilə 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilmişdir.
19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828) ilə 2-ci maddəsində “II qrup əlillərə,” sözləri “II dərəcə əlilliyi olan şəxslərə, o cümlədən” sözləri ilə, “şəxslərə” sözü “uşaqlara” sözü ilə əvəz edilmişdir.