Son üç ildə əmək müqavilələri 30%, minimum əməkhaqqı 116%, aylıq əməkhaqqı fondu 81% artıb

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30% artması ilə nəticələnib.

Əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb.  Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub.  O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% (o cümlədən özəl sektor üzrə 18%, dövlət sektoru üzrə 6%) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107% artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.