Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisəsində kurs keçən görmə imkanları məhdud şəxslərin Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı gözdən əlilliyi olan şəxslər reabilitasiya bölməsində çalışan təlimçilərin müşayiəti ilə muzeylə tanışlıq imkanı qazanıblar.
Muzeydə görmə imkanları məhdud şəxslər üçün müyəssərliyin təmin edilməsi məqsədilə 2018-ci ildən bir sıra işlər görülüb. Ornamentlər müxtəlif qalınlıqlı saplardan toxunmaqla, bu kateqoriyadan olan şəxslər üçün daktil təsvirli xırda xalçalar hazırlanıb. Bu xalçalar haqqında məlumatlar da Brayl əlifbası ilə yazılaraq quraşdırılıb. Zəifgörən şəxslər üçün xalça təsvirləri xüsusi monitorlarda iri planda nümayiş olunur.
Muzeydə əlilliyi olan şəxslərə (səs vasitəsilə izah etməklə) xalça toxumaları üçün imkan da yaradılıb.
Onlara muzeyin görünüşü, muzeydə olan digər yerli və əcnəbi ziyarətçilər, muzeydə yaradılmış satış sərgisi haqqında da geniş tifloşərhlər verilib.
Görmə üzrə əlilliyi olan şəxslərin rəyləri və muzeyin daha mükəmməl şəkildə müyəssərləşdirilməsinə dair təklifləri qeyd olunub