Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi arasında niyyət protokolu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri   üzrə Milli Observatoriya ilə Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi arasında niyyət protokolu imzalanıb.

Niyyət protokolunu Observatoriyanın sədri Elşən Əsədovla Mərkəzin icraçı direktoru Kai Leişenring onlayn formatda görüş zamanı imzalayıblar.

Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi BMT-nin Avropa regionunda təcrübə və məlumat bazalarının mübadiləsi, gələcəyə dair dövlət siyasəti üzrə debatların və müzakirələrin təşkil olunması üzrə platforma, bir çox təsisatlar və təşkilatlar arasında körpü rolunu oynayır. Avropa ərazisində BMT ilə əlaqəli olan yeganə unikal tədqiqat qurumu olaraq Təşkilatın Avropa İqtisadiyyatı üzrə Komissiyası kimi bir çox BMT-nin təşkilatları ilə əməkdaşlıq edir və onlarla birlikdə yaşlaşma üzrə daimi işçi qrupun fəaliyyətini həyata keçirir. Avstriya hökuməti və BMT arasında bağlanılan sazişə əsasən rəsmi statusu – Hökumətlərarası Təşkilatdır. Mərkəzlə əməkdaşlıq sosial siyasət üzrə tədqiqatların aparılması, biliklərin transfer edilməsi, dövlət sosial siyasəti üzrə müqayisələrin aparılması, siyasət sənədlərinin hazırlanması və tətbiq edilməsi ilə bağlı məsləhətləşmə xidməti kimi geniş məsələləri əhatə edir.

Milli Observatoriya isə regionda ilk belə beyin mərkəzi olmaqla, demoqrafiya, əmək bazarı və sosial müdafiənin geniş təhlili, qəbul edilmiş proqram və strateji sənədlərin monitorinqi, müayinə və sorğuların keçirilməsi, əmək bazarının proqnozlaşdırılması, müxtəlif məsələlərə dair disskusiyaların təşkili, təkliflərin hazırlanması, təlim və məlumatlandırma işlərinin aparılması və s. istqiamətlərdə fəaliyyət göstərir.

Beş illik dövrü əhatə edən Niyyət protokolunda tərəflərin Aİ tərəfindən maliyyələşdirilən layihələr üçün birgə müraciət etmək,  Tərəflərdən birinin maliyyələşdirməni təmin etdiyi layihələrin birgə icrasını həyata keçirmək, sosial sektor üçün strateji sənədlərin hazırlanmasına dəstəyin göstərilməsi, Avropa Mərkəzinə Milli Observatoriyanın, habelə Nazirliyin digər əməkdaşlarının ezam olunması və ya Avropa Mərkəzi tərəfindən təşkil olunan seminarlarda onların iştirakı vasitəsilə biliklərin ötürülməsi istiqamətində razılıqları ifadə olunur.