Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib

Əsassız, saxta əlillik təyinatının  aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində bu ilin ilk rübündə görülmüş işlərə və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.  Qeyd edib ki, ümumilikdə son illərdə 7000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.

 Agentlik sədri bildirib ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə  ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir.

 Vurğulanıb ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də, belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır.

C.Əbdul-Qədirov Vətən müharibəsində xəsarət almış qazilərin evlərində və ya müalicə aldıqları səhiyyə müəssisəslərində ziyarət edildiklərini, əyani müayinələr şəraitində onlardan artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunduğunu və prosesin davam etdiyini bildirib.

 Bildirib ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir. Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin  qiymətləndirilməsi aparılır.

 Postmüharibə dövründə qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri, yüksək texnologiyalı protezlərlə təminatı və digər sahələrdə aparılan işlər barədə də məlumat verilib.

Agentlik sədri reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. Cari ilin fevral ayında Şağan Reabilitasiya Pansionatının istifadəyə verildiyini, Qəbələ və Şəmkir şəhərlərində tikilən uşaq reabilitasiya mərkəzlərinin isə bu il istifadəyə veriləcəyini diqqətə çatdırıb.