Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki “DOST İş” Mərkəzi KİV-lərin ictimai işlər proqramının icrası ilə yaxından tanışlığı üçün mediatur təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki “DOST İş” Mərkəzi KİV-lərin ictimai işlər proqramının icrası ilə yaxından tanışlığı üçün mediatur təşkil edib.

Abşeron rayonuna təşkil edilən mediatur zamanı KİV təmsilçiləri rayonda ictimai işlərin yerinə yetirildiyi ərazilərdə olub, Mərkəz tərəfindən ödənişli ictimai işlərə cəlb edilmiş şəxslərin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki,  DOST İş Mərkəzi tərəfindən icra olunan “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır. İctimai işlərə cəlb olunan hər bir vətəndaşla əmək müqaviləsi bağlanılır. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, həmçinin sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına zəmin yaradır.

Abşeron rayonu üzrə də 800-ə yaxın şəxs ictimai işlər proqramına cəlb olunub. Onlar ərazilərin ekoloji sağlamlaşdırılması, abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, əlilliyi olan şəxslərə  sosial xidmətlərin göstərilməsi, mənzil-kommunal xidmətləri,  ictimai xarakterli digər işlərdə çalışırlar. 33 nəfər isə elektron kənd təsərüfatı informasiya sistemi üzrə proqramçı və baytar köməkçisi kimi fəaliyyət göstərir.

Ödənişli ictimai işlər proqramında sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara, o cümlədən şəhid ailəsi üzvlərinə, qazilərə, əlilliyi olan şəxslərə üstünlük verilir. Abşeron rayonunda da proqrama cəlb olunanların mühüm bir hissəsi həmin kateqoriyalardan olan şəxslərdir.

KİV nümayəndələri ictimai işçilərlə həmsöhbət olub, onların cəlb olunduqları “İşsizin dostu” proqramı, gördükləri işlərlə bağlı rəylərini öyrəniblər.