Şəhid Hüseyn Tağıyevin ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Hüseyn Oqtay oğlu Tağıyevin ailəsini ziyarət edib. 

Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ilk aylarından artıq Vətən müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir. Şəhid Hüseyn Tağıyevin kirayədə yaşayan ailəsi də Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib.

Yeni mənzildə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən,  Vətən müharibəsində qəhrəman oğulların, o cümlədən Hüseyn Tağıyevin göstərdiyi şücaətlərdən danışılıb. Ailənin sosial vəziyyəti ilə maraqlanıb. Onların yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb, şəhid ailəsinə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, Aprel və Tovuz döyüşlərində də qəhrəmanlıq göstərmiş Hüseyn Tağıyev Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.