Məişət zorakılığı qurbanlarının təhlükəsizliyi və onlara dəstək göstərilməsinə dair “Tvinninq” layihəsi üzrə görülən işlər müzakirə olunub

Azərbaycanda sosial xidmətlər sisteminin əhatə dairəsi son illərdə xeyli genişlənib. Məişət zorakılığı qurbanlarının ehtiyac duyduqları dəstəklə təmin edilmələri, onların sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası da bu xidmətlərin əsas istiqamətlərindən birinə çevrilib.  

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib. O, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. Bu sənəd üzrə Nazirlik tərəfindən müvafiq Tədbirlər Planı üzrə aparılan işləri, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində görülən tədbirləri qeyd edib.

A.Kərimov son illərdə Nazirliyinin sosial sifarişləri əsasında icra olunan layihələrin bir istiqamətinin də məişət zorakılığına məruz qalmış şəxslər üçün sosial reabilitasiya xidmətlərinin, onlara hüquqi, sosial, psixoloji yardımın göstərilməsinə yönəldiyini qeyd edib.

Bildirib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas qruplardan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya mərkəzində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi də yaradılıb. Hazırda, eyni zamanda, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçirilməsi üçün müvafiq işlərin görüldüyünü deyib.

Görüşdə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyi və onlara dəstəyin təmin edilməsi üçün dövlət  qurumları və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin mühüm sosial əhəmiyyəti vurğulanıb. Layihənin fəaliyyət istiqamətləri üzrə görülən işlər, məişət zorakılığı qurbanlarının hüquqi mudafiəsi və onlara dəstəyin artırılması mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.