Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqda hazırlanan Layiqli Əmək üzrə yeni Ölkə Proqramında gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə, inklüziv əmək bazarının inkişafına yönələn birgə səylərin artırılması prioritetləri də əksini tapacaq.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin rəhbəri Olqa Kulayevə ilə videokonfrans formatında görüşdə bildirib.
Görüşdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak edib.
A.Əliyev ümumilikdə yeni Ölkə Proqramında “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə uyğun prioritetlərin əhatə olunacağını deyib. Ötən dövrdə BƏT-lə sıx əməkdaşlıq gündəliyində əmək müfəttişliyi və məşğulluq xidmətlərinin potensialının gücləndirilməsi sahəsində birgə fəaliyyətin mühüm yer tutduğunu qeyd edib.
Nazir müavini bildirib ki, yeni Proqramda da bu sahələrdə, eləcə də “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, özünüməşğulluq proqramının icrası, iş yerlərində şagirdlik institutunun formalaşdırılması, Əməyin Mühafizəsi Mərkəzinin potensialının gücləndirilməsi və s. sahələrdə əməkdaşlıq istiqamətlərinin yer alması nəzərdə tutulur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə aktiv əmək bazarı proqramlarının hazırlanması və həyata keçirilməsi, Beynəlxalq Əmək Standartlarının (Konvensiya və Tövsiyələrin) ratifikasiyası və tətbiqi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm veriləcək.
Görüş zamanı BƏT-lə əməkdaşlıqda hazırlanan Layiqli Əmək üzrə yeni Ölkə Proqramında əks olunacaq prioritetlər müzakirə olunub.