Sosial Xidmətlər Agentliyində 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair mətbuat konfransı keçirilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Ümumən indiyədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Bölgələrdə də bu il üzrə onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin  evlərin inşasına başlanıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Agentlik tərəfindən 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirilir. Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə səfər edilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

Növbəti mərhələdə isə mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən də ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirlərinə, psixoloji konsultasiyalara başlanacaq.

V.Behbudov bu il üçün 160-a yaxın avtomobilin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilməsinin nəzərdə tutulduğunu, artıq 50-nin verildiyini, ümumən bu günədək 7250 avtomobilin bu kateqoriyadan olanlara təqdim edildiyini deyib.

O bu ilin 6 ayında 8614 vətəndaşa evdə (səyyar) sosial xidmət göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən ay, yəni iyun ayından pilot olaraq Bakının  Səbail və Yasamal rayonlarında  sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlar üçün başladılan səyyar sosial reabilitasiya xidmətlərinə 18 uşaq cəlb olunub. Bu xidmətin effektivliyi müşahidə edildiyindən prosesin Bakının digər rayonlarını və bölgələri də əhatə etməsi üçün işlərə başlanıb.

Agentlik sədri əlilliyi olan gənclər üçün regionlarda peşə-əmək reabilitasiyası mərkəzlərinin qurulması, bu istiqamətdə onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi üzrə təklif hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Layihənin Şəki və Quba rayonlarında həyata keçirilməsi ilə bağlı artıq ilkin işlərə başlanıb.

V.Behbudov qeyd edib ki, bu ilin ilk yarimilində 179 imtiyazlı şəxs sanator-kurort mərkəzlərinə yollayışla təmin olunaraq həmin mərkəzlərə yola salınıb, effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb olunublar. Gələn ayın əvvəllərində isə daha 71 nəfər Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək.

Mətbuat konfransında həsas əhali qrupları ilə bağlı qurumun digər sahələrdə gördüyü işlərdən də bəhs olunub, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.