Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov fəxri qonaq qismində “Caspian Energy Club”un tədbirində iştirak edib.
H.Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış edib. Fondun fəaliyyət istiqamətləri, əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Sosial təminat sahəsində son dövrlər Azərbaycanda həyata keçirilən islahatları diqqətə çatdırıb.
Fond sədri sosial müdafiə sahəsi üzrə əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən də bəhs edib. H.Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri vurğulayıb. Qeyd edib ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırıb.
Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaradıb. Sonra Fond sədri “Caspian Energy Club” üzvlərinin suallarını cavablandırıb.
DSMF-yə “Caspian Energy Club”a fəxri üzv seçildiyinə dair sertifikat təqdim olunub.