Ərazi partiya təşkilatının sədri və müavini seçilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, Salatın Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu Partiyanın Cənubi Qafqazda ən güclü siyasi təşkilat və cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayıb.
Ərazi partiya təşkilatının hesabatı təqdim edilib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə ölkəmizdə sosial sahədə islahatlar, sosial müdafiə və aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Bütün bu islahatların uğurlu icrası ilə bərabər, ərazi partiya təşkilatının fəaliyyəti də Partiyanın prinsiplərinə və etimadına uyğun olaraq yüksək səviyyədə təşkil olunub.
2018-ci ilin aprel ayından Nazirlik və onun qurumları üzrə 800-ə yaxın işçi YAP-ın müxtəlif rayon təşkilatlatına üzv olub. Ərazi partiya təşkilatı Nazirliyin 400-ə yaxın əməkdaşını əhatə edir, ümumilikdə Nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayı 4000-ə qədərdir.
Təqdim edilən hesabat səsə qoyularaq qənaətbəxş hesab edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bu gün 760 mindən artıq insanı öz sıralarında birləşdirən Partiyanın ölkəmizin inkişafında xidmətlərini qeyd edib. YAP-ın Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi partiya təşkilatının fəaliyyətinin YAP prinsiplərinə və etimadına uyğun təşkil olunmasının təqdirəlayiq olduğunu bildirib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, ərazi partiya təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb.
Səsvermə nəticəsində Anar Əliyev YAP Yasamal rayonu, Salatın Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi partiya təşkilatının sədri, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sədrin müavini seçiliblər.