Nazir Sahil Babayev mükafata layiq görülüb

“Caspian Energy Club” 6-cı Beynəlxalq “Caspian Business Award-2021” mükafatının təqdimetmə mərasimini keçirib. Dövlət qurumlarının, diplomatik missiyaların nümayəndələrinin, “Caspian Energy Club” üzvlərinin iştirak etdiyi mərasimdə nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə “Caspian Business Award-2021” mükafatı təqdim edilib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ilin yekunu üzrə mükafatlara layiq şəxslərin kluba üzv şirkət rəhbəri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən olunduğunu bildirib.

Sahil Babayev  “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə təşəkkürünü ifadə edib.

O, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə, o cümlədən əmək və  məşğulluq sahəsində geniş miqyaslı islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Bu islahatlar prosesində, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, aktiv məşğulluq proqramlarının icrası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi işlərində sahibkarlarla, biznes strukturları ilə sosial dialoq müstəvisində əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.

Nazir həmçinin “Caspian Energy Club”la Nazirliyin fəal əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Sahil Babayev qarşıdakı dövrdə də bu əməkdaşlığın davam edəcəyini vurğulayıb.