Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənilir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

6. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2021-ci il