20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib

1990-cı ilin 20 Yanvar günü təkcə bir faciə günü deyil, eyni zamanda xalqımızın qəhrəmanlıq tarixidir.

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, yazıçı-dramaturq, əməkdar jurnalist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər, 20 Yanvar şəhidlərinin ailələri, 20 Yanvar əlilləri və b. iştirak edib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs ediblər.

Vurğulanlıb ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1993-cü ilin iyununda xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bütün şəhid məzarlarının üstü götürülüb, Şəhidlər Xiyabanında memorial kompleks ucaldılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub və Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu,  dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.  Ulu öndər Heydər Əliyev bəyan etmişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.

Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.

20 Yanvar şəhidlərinin ailələri, 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən də bəhs olunub. Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə  bu ödənişlər dəfələrlə artırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 135 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib.

Bu kateqoriyadan olan vətəndaşların digər sahələrdə də diqqət və qayğı ilə əhatə olunması üçün görülən işlər diqqətə çatdırılıb.

Tədbirdə 1990-cı ilin yanvar hadisələrinə  həsr olunmuş film nümayiş olunub, əlilliyi olan şəxs Seymur Əliyevin ifasında “Şəhidlər” mahnısı təqdim edilib.