Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müvafiq kateqoriyadan olan 135 şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

Son illər sosial infrastrukturun müasir tələblərə uyğun qurulması proqramı çərçivəsində 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində də əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Bunun üçün ümumilikdə 3,2 milyon manat vəsait ayrılıb. Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalmış həmin müəssisə qeyd olunan vəsait hesabına əsaslı təmir edilərək yenidən qurulub, bütün kommunal sistemlər yenilənib. Həmçinin müəssisə yeni məişət avadanlıqları, reabilitasiya vasitələri, müasir cihazlarla təmin edilib, ətraf ərazi abadlaşdırılıb, sakinlərin asudə vaxının mənalı təşkili üçün guşələr yaradılıb.

Beləliklə, əsaslı təmir və yenidənqurma işlərindən sonra 2020-ci ilin dekabr ayında istifadəyə verilən müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial reabilitasiya tədbirləri ilə əhatə olunması üçün müasir şərait mövcuddur.

Sakinlərin normativə uyğun olaraq geyim əşyaları, keyfiyyətli qidalarla  təminatı, asudə vaxtlarının səmərəli təşkili, müvafiq hallarda ilkin tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili işləri həyata keçirilir. Eyni zamanda, sakinlərin əmək terapiyası, bacarıqlarının inkişafı, üçün dərnəklər də fəaliyyət göstərir.

Son üç ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib. Ötən ay isə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin – Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açılışı olub. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi və Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.