Milli Observatoriyanın fəaliyyət istiqamətləri genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə və qarşıya qoyulan vəzifələrə  həsr olunmuş onlayn iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində Milli Observatoriyanın fəaliyyətini qeyd edib. Qurumun qarşısnda duran əsas hədəfləri diqqətə çatdırıb.

İclasda  Milli Observatoriyanın təlim mərkəzi kimi fəaliyyətinə uyğun zəruri infrastrukturun yaradılması istiqamətində  yol xəritəsinin hazırlanması, sorğu və müayinələrin təşkili, keyfiyyət təminatı üzrə müvafiq sertifikatların alınması işləri müzakirə olunub. Qurumun fəaliyyət istiqamətlərinin genişlənməkdə olduğu qeyd edilib.

Müasir çağırışlar  əsasında tədqiqat ehtiyaclarının öyrənilməsi, əldə olunan nəticələrin ictimaiyyətə çatdırılması, təlim tələbatlarının və mövzularının  müəyyənləşdirilməsi, təlimçilərin reyestrinin formalaşdırılması  və s. məsələlər ətrafında müzakirələr aparılıb.