1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə DOST Agentliyində uşaqlar rəmzi olaraq Agentliyin rəhbər vəzifəli şəxslərinin səlahiyyətlərini icra ediblər.
Vətən müharibəsi şəhidi Tofiq Kərimovun övladı Fərid Kərimov isə DOST Agentliyinin İdarə Heyətinin sədri “seçilib”.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov öz yerini digər şəhid övladlarının səsverməsi əsasında seçilən “yeni sədr”ə - Fərid Kərimova təhvil verib.
15 yaşlı Fərid Kərimov 253 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyan Fərid gələcəkdə təhsilini Türkiyədə kompüter mühəndisliyi ixtisası üzrə davam etdirmək niyyətindədir.
Onun atası Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən müharibəsi şəhidi Tofiq Kərimov Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib.
Tofiq Kərimov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "İgidliyə görə" medalı ilə təltif edilib.