Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə oldular.
“Şuşa ili” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdilər.
Uşaqlıqlarının keçdiyi, ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə - 30 ildir xatirələrində sevə-sevə yaşatdıqları, bir gün mütləq görəcəkləri ümidini heç vaxt sönməyə qoymadıqları əziz Şuşada oldular.
Axan sevinc göz yaşları, Vətən, Qarabağ, Şuşa sevgisi ilə dolub daşan, saf Şuşa havasından fərəhlə dolub-daşan, riqqətə gələn ürəkləri ilə doğma yurdun hər qarışını dönə-dönə seyr etdilər.
Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatdı. Çox yaxın vaxtlarda birdəfəlik köçüb gələcəkləri doğma şəhərin hər qarışını yaddaşlarına yazdılar.
Qarabağ Azərbaycandır!