Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində əmək hüquqlarına dair onlayn maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Xidmətin rəis müavini Ülvi Hüseynov insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədinin insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək və bu sahədə ictimaiyyəti məlumatlandırmaq olduğunu bildirib.
Qeyd olunub ki, bu kimi tədbirlər həmçinin hüquqi məlumatlılığın artırılmasına, hüquq mədəniyyətinin inkişafına öz töhfəsini verir.
60-a yaxın işəgötürən və onun nümayəndəsinin iştirak etdiyi tədbirdə Xidmətin əməkdaşları işçilərin əmək hüquqları ilə bağlı təqdimatla çıxış ediblər. İşəgötürənlərin sualları Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.