Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsi davam edir.

Xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınan 70 nəfərdən ibarət ilk qrup bölgədəki məşhur istirahət mərkəzlərində qalır.

Düşərgə elə ilk günlərdən uşaqlara əyləncəli və maraqlı anlar yaşadıb. Şəhidlərimizin övladları 29 iyul - 3 avqust tarixlərində regionun tarixi və gəzməli yerlərinə ekskursiya edib, açıq havada və hovuzda idman oyunlarının  iştirakçısı olub, müxtəlif əyləncəli oyunlar qurublar.  

Onlar üçün interaktiv təlimlər də təşkil olunub və uşaqlar bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.  Həmçinin peşəkar təlimçilərin təşkil etdiyi “Axtar-tap” və “Bionika” təlimlərində komandalara bölünərək təlimlərdə bacarıqlarını nümayiş etdiriblər.  Müxtəlif psixoloji seanslar da keçirilib və s. Yay düşərgəsi yaddaqalan anlarla davam edir.

Layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynləri ilə birgə 140 nəfəri) əhatə edir. Layihənin iki mərhələsi kimi hazırda uşaqlardan və valideynlərdən ibarət 70 nəfər Qubada 5 günlük yay istirahət düşərgəsindədir.  Növbəti mərhələdə daha 70 nəfər yay düşərgəsinə yola salınacaq.