Novruz bayramı münasibətilə 85 yaşlı əmək qəhrəmanı Sürəyya Hacıyeva ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 85 yaşı tamam olan əmək qəhrəmanı Sürəyya Hacıyeva ilə görüşüb.

1938-ci il martın 21-də Naxçıvan MR-nın Ordubad rayonunda anadan olan S.Hacıyeva 1954-cü ildə Ordubad barama toxumu zavodunda əmək fəaliyyətinə başlayıb və 60 ilə yaxın bir müddətdə ipəkçilik, tikiş sahələrində çalışıb.

Bu dövrdə daim əzmkar və səmərəli fəaliyyəti, fədakar əməyi, zəhmətkeşliyi ilə fərqlənib. Bir çox dövlət mükafatları ilə təltif olunub, həmçinin “Sosial Əməyi Qəhrəmanı” fəxri adina layiq görülüb.

V.Quliyev S.Hacıyevanı yubileyi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, ona xoş arzularını ifadə edib.

Daim zəhmətə, işinə, peşəsinə bağlı olan, əmək sahəsində böyük uğurlar qazanan S.Hacıyeva kimi insanlarımızın, onların mənalı ömür yolunun bir örnək olduğunu qeyd edib.

S.Hacıyeva göstərilən diqqətə görə təşəkkürünü bildirib. O bu gün qalib ölkəmizin hərtərəfli inkişafını görməkdən məmnunluq və qürur hissi keçirdiyini vurğulayıb.

Sosial şəbəkələrdə də bizi izləyin: