Sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və "DOST" mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir.

İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və "DOST" mərkəzlərinə aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər.

- ərizə;

- işləmədikləri barədə arayış;

- əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd;

- həkimdən sanator-kurort arayışı;

- şəxsiyyət vəsiqəsinin surəti.

Sanator-kurort putyovkasından istifadə edən şəxs müalicəsini qurtardıqdan sonra istifadə etdiyi putyovkanın (yollayışın) «geriyə qaytarılan talon» hissəsini putyovkanı verən müvafiq filial yaxud DOST Mərkəzinə təqdim etməlidir.