“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır.

Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir.

Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 242 (iki yüz qırx iki) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin.[i]

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir;

2.2. hər şəhidə görə onun ailəsinə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2006-cı il

    № 493


[i] 7 sentyabr 2010-cu il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2010-cu il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 771) ilə 1-ci bəndində «100 (yüz)» sözü «150 (yüz əlli)» sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2011-ci il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2011-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1139) ilə 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilmişdir.

28 avqust 2013-cü il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 896) ilə 1-ci hissəsində “165 (yüz altmış beş)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilmişdir.

16 yanvar 2016-cı il tarixli 742 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 yanvar 2016-cı il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 64) ilə 1-ci hissədə “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilmişdir.

15 may 2018-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 936) ilə 1-ci hissəsində “220 (iki yüz iyirmi)” sözləri “242 (iki yüz qırx iki)” sözləri ilə əvəz edilmişdir.