Ümumi məlumat

Özünüməşğulluq, Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını yaratmaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.  Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqaisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Beləki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması; 2. Mikro və kiçik sahibkarlığın inkişafı; 3. Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması; 4. İctimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması; 5. Yoxsulluq səviyyəsinin azaldılması; 6. İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.