"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1.     qüvvədə olan qanunvericilik aktlarının "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.     həmin Qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinə dair təkliflərini hər il dövlət büdcəsi layihəsi ilə birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5.     həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarmı müəyyənləşdirib təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6.     həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş ailənin orta aylıq gəlirinin hesablanması qaydasını müəyyənləşdirib təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7.     öz səlahiyyətləri daxilində "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1.  "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2.  həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"n səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları həyata keçirir;

2.3. həmin Qanunun 6.1-ci, 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 noyabr 2005-ci il

     №  312